Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Arvadını döyən stomatoloq: Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü
Hadisə 15

Qəsdən sağlamlığa yüngül zərər vurmaqda təqsirləndirilən Qasım Maqsudovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

BAKU.WS Pravda.az-a istinadla xəbər verir ki, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, müttəhimə 1 000 manat cərimə cəzası təyin edilib.

İttihama görə, Qasım Maqsudov həyat yoldaşı, zərərçəkmiş Zəranə Maqsudovanı (adı, soyadı şərtidir - red.) aralarında yaranmış mübahisə zamanı əli ilə qəsdən vurub.

Nəticədə onun müxtəlif bədən nahiyələrində hematomalar yaranıb. Xəsarətlər sağlamlığa yüngül zərər vurulması kimi qiymətləndirilib.

Məhkəmədə dindirilən Q.Maqsudov özünü qismən təqsirli bilib. O deyib ki, 2015-ci ildən paytaxt ərazisində yerləşən stomatoloji poliklinikaların birində stomatoloq işləyir.

Onun sözlərinə görə, evli olduqları müddətdə həyat yoldaşı ilə aralarında əmlak məsələləri ilə bağlı tez-tez mübahisələr yaranıb.

Belə ki, qadın yaşadıqları evin onun anasının adına olduğunu bildirərək həmin evin, eləcə də valideynlərinin adına olan digər mülklərin uşaqların adına keçirilməsini tələb edib.

Qasım Maqsudov bildirib ki, 2025-ci ilin dekabr ayının sonlarında rayonda olduğu vaxt Zəranə onunla əlaqə saxlayaraq evdə 100 min manat pul olduğunu və həmin vəsaitin götürüldüyünü deyib.

Təqsirləndirilən şəxs sonradan arvadının onun valideynlərinin evinə də gedərək onlardan pul tələb etdiyini öyrəndiyini söyləyib:

"Sonra Zəranə mənə mesaj yazaraq evə gələrkən pulu özümlə gətirməyimi istədi. Hadisə günü evə gəldiyim zaman həyat yoldaşım yenidən məndən pul tələb etməyə başladı. Bu zaman aramızda mübahisə yarandı. Bu zaman iki azyaşlı övladımın yanında Zəranə üç dəfə mənim üzümə tüpürdü və nalayiq söz dedi. Onun bu hərəkətinə əsəbiləşərək arvadımın sifət nahiyəsinə bir dəfə sillə vurdum".

Qasım Maqsudovun sözlərinə görə, bundan sonra qadın yıxılaraq paltar dolabına dəyib. Daha sonra ayağa qalxaraq üzərinə gəldikdə isə kişi onu əli ilə itələyib və "bəsdir, əl çək" deyib.

Təqsirləndirilən şəxs əlavə edib ki, həyat yoldaşı onu vurmaq istəyərkən əli dolaba dəyib, daha sonra isə özünü dolaba çırparaq onun tərəfindən döyüldüyünü bildirib.

Hadisədən sonra qadın ərinin valideynlərinə zəng edərək onları evə çağırıb.

Təqsirləndirilən şəxs məhkəmənin suallarını cavablandırarkən evdə 100 min manat pul olmadığını da bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər