Aliment ödəməkdən yayınanların nəzərinə!

Aliment ödəməkdən yayınanların nəzərinə!
Hadisə 81

Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası Konstitusiya və "Məhkəmələr və hakimlər haqqında" Qanuna əsasən, bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu qərarların icra edilməməsi hüquqi məsuliyyət yaradır.

Qanuna görə, məhkəmə aktlarının vaxtında icrası hüquqi dövlət prinsipinin əsas tələblərindəndir.

Alimentin ödənilməsi barədə məhkəmə qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq, fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə edilir və ya bir ayadək inzibati həbs tətbiq oluna bilər. Eyni pozuntu bir il ərzində təkrar törədildikdə məsuliyyət daha da ağırlaşdırılır.

Borclu şəxs inzibati xəta üzrə məhkəmə qərarı qəbul edilənədək icra sənədini yerinə yetirdikdə inzibati məsuliyyətdən azad olunur ki, bu da məhkəmə qərarlarının könüllü icrasını təşviq edir.

Məhkəmə qətnaməsinin qərəzli olaraq icra edilməməsi və ya icrasına maneə törədilməsi Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır və bu hallarda cərimə və ya azadlıqdan məhrumetməyədək cəzalar nəzərdə tutulur.

Bununla belə, Cinayət Məcəlləsinin 306.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.

Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə əsasən, cinayət məsuliyyəti inzibati məsuliyyətdən sonra məhkəmə aktının qərəzli olaraq icra edilməməsi hallarında yaranır və bu yanaşma hüquqi müəyyənliyin təmin edilməsinə xidmət edir.

Son xəbərlər