SİZİN REKLAM BURADA!
055 213 76 73


Binəqədi rayonunda yaşayan paytaxt sakini olan bir nəfər Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək ona məxsus “Tofaş” markalı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirib.

BAKU.WS xəbər verir ki, bölmə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Fətəliyev saxlanılıb.

Onun qaçırdığı avtomobil polislər tərəfindən müəyyən edilərək sahibinə qaytarılıb. Zaur Fətəliyev ifadəsində qeyd edilən nəqliyyat vasitəsini talamaq məqsədi ilə yox, idarə etmək üçün qaçırdığını bildirib.

“Binəqədi yolundan keçirdim, gördüm sarı maşın dayanıb. Maşının qapısı açıq idi. Əyri dəmirlə onu işə saldım və sürdüm.

Bir az sürdüm və maşını “Elit”in yanında saxladım, düşdüm. 3 gün sonra polis məni tutdu. Məqsədim maşını söküb satmaq, yaxud oğurlamaq olmayıb. Məqsədim yalnız maşını sürmək olub”, - deyə Zaur Fətəliyev bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

BAKU.WS
VİDEO