13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Bakıda iki həftəlik sərt karantin rejiminin ilk günündə Daxili İşlər Nazirliyinin paytaxt bölmələri tərəfindən dörd intihara cəhd hadisəsi qeydə alınıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyunun 21-də Binəqədi rayonunda 1966-cı il təvəllüdlü Rafiq Əliyev qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Vəziyyəti ağır olan kişi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, intihara cəhdə səbəb kimi onun depressiyaya düşməsi göstərilir.

Səbail rayonu Niyazi küçəsində, 3 nömrəli evin qarşısında 1979-cu il təvəllüdlü Neftçala sakini Fizuli Əliyev sərxoş halda intihara cəhd edib. O, venalarını kəsib, ancaq 9-cu Polis Bölməsinin əməkdaşları ilə aparılan profilaktik söhbətdən sonra lazımi tibbi yardım göstərilməsinə icazə verib.

Nizami rayonunda məişət zorakılığının qurbanı intihara cəhd edib. Qara Qarayev prospektində yaşayan 1998-ci il təvəllüdlü T.Əlizadə əri və qayınanası ilə münaqişədən sonra həb qəbul edib. Bu barədə polisə zərərçəkənin anası xəbər verib.

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 1990-cı il təvəllüdlü G.Hüseynova Rəsul adlı tanışı ilə mübahisədən sonra intihara cəhd edib. O, dərman qəbul elədikdən sonra 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bütün bu faktlar ərazi polis idarələri tərəfindən araşdırılır. Qeyd edək ki, daha iki dərman və kimyəvi məhlulla zəhərlənmə hadisəsi qeydə alınıb. Ancaq bu hallarda intihara cəhd edildiyi hələ sübut olunmayıb.

Tanınmış psixiatr və Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Fuad İsmayılov daha öncə bildirmişdi ki, Azərbaycanda xüsusi karantin rejimi dövründə bir çoxlarında narahatlıq və aqressivlik müşahidə olunur.

Belə şəxslərdə narahatlıqla bağlı pozğunluqlar, evdə daimi qalmaqla əlaqəli güclü qıcıqlanma, depressiya, halsızlıq, passivlik aşkarlanır. Əksər insanların bu və ya digər formada uyğunlaşma pozğunluğu var.

Mütəxəssislər bir çox insanın karantindən sonra ruhi pozğunluqlarla qarşılaşacağını gözləyirlər. Bu səbəbdən ekspertlər vətəndaşların minimum mənfi nəticələrlə normal həyata qayıtmasına kömək etməyə hazır olmalıdırlar.

BAKU.WS