VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən həbs edilən “Kürd Elnur” barədə maraqlı məlumatlar üzə çıxıb.

BAKU.WS musavat.com-a istinadla xəbər verir ki, onun Rövşən Lənkəranskinin tərəfdarı olduğu, bir çox kriminal hesablaşmalarda adının keçdiyi məlum olub.

Əvvəlcə qeyd edək ki, kriminal aləmdə “Kürd Elnur” kimi tanınan Elnur Abbasov dünən özgə əmlakını məhv etmə ittihamı ilə həbs edilib.

Elnur Abbasov bir neçə gündür, sosial şəbəkələrdə yayılan və müzakirələrə səbəb olan videogörüntünün əsas səbəbkarı imiş. Yayılan videogörüntüdən aydın olur ki, BMW markalı lüks avtomobil dərədən aşağı aşır. Sonradan isə məlum oldu ki, BMW-ni dərəyə aşıran şəxs “Kürd Elnur”dur.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bakıxanov qəsəbəsinin sakini Zamin Babayev polisə ərizə ilə müraciət edərək, ona məxsus “BMW” markalı avtomobilin tanışı, dəfələrlə məhkum olunmuş Elnur Abbasov tərəfindən qaçırıldığını və dərəyə atıldığını deyib. Zamin Babayev qeyd edib ki, Elnur onun avtomobilini almaq istəyib və maşını yoxlamaq məqsədilə aparıb, lakin daha sonra qaytarmayıb. Z.Babayev bildirib ki, Elnur Abbasov pul axtardığını və tapan kimi avtomobili alacağını deyib.

Kriminal aləmin üzvü olan “Kürd Elnur” qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin tərəfdarı olub. Onun Lənkəranski ilə yaxın dostluq münasibətlərinin olduğu da məlumdur.

“Kürd Elnur” son zamanlar sosial şəbəkələrdə tez-tez gündəmə gəlməyə başlayıb. Onun sosial şəbəkələr vasitəsi ilə kriminal aləmdə olan müxtəlif hadisələrə cavab verən videoçıxışları, Rövşən Lənkəranskini dəstəkləyən fikirləri tez-tez paylaşılıb.

O, çıxışlarında kriminal aləmdə Rövşən Lənkəranskini istəməyən, vaxtı ilə onun tərəfində olan, indi isə başqa qruplaşmalara üz tutan şəxsləri də hədələyib.

“Kürd Elnur” Rövşən Lənkəranskiyə olan sədaqətini tez-tez dilə gətirir. Lənkəranskinin məzarını ziyarət edən yerdə çəkilən görüntülərini də sosial şəbəkələrdə paylaşıb.

Onun sosial şəbəkələrdə yaydığı görüntülərin birindən məlum olur ki, yaxın günlərdə Rövşən Lənkəranskinin anasını ziyarət edib. “Kürd Elnur” bununla Lənkəranskiyə olan sədaqətini bir daha sübut etmək, onu dəstəklədiyini nümayiş etdirmək istəyib.

“Kürd Elnur”un özü və yaxınları tərəfindən paylaşılan videogörüntülər onu deməyə əsas verir ki, onun sosial şəbəkələrdəki aktivliyi son bir neçə aya təsadüf edir.

Diqqəti çəkən başqa bir məqam isə “Kürd Elnur”un sosial şəbəkələrdə müxtəlif odlu silahlarla paylaşdığı görüntülərdir. Onun tapança və digər odlu silahlardan atəş açdığı zaman çəkilən görüntüləri də sosial şəbəkələrdə paylaşılıb. “Kürd Elnur” həmçinin polis əməkdaşları ilə mübahisələrini də yaymaqdan çəkinməyib.

Xatırladaq ki, “Kürd Elnur” bu günə qədər Cinayət Məcəlləsinin xuliqanlıq, soyuq silah daşıma və daha bir neçə maddələri ilə məhkumluq həyatı yaşayıb.

BAKU.WS
QALEREYA