"Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması üçün təkliflər layihəsi hazırlanır və sənəd hökumətə təqdim olunacaq".

BAKU.WS xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı təhlillər aparılır: "Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı danışıqlar aparılır".

Z.Əliyev qeyd edib ki, regionlara həkimləri ezam etmək niyyətindədilər: "Bununla da regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik.

Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etmək istəyirik.

Həmin tələbələrlə danışıqlar gedir, həvəsləndirmə tədbirləri də görüləcək. Məncə, onların da buna maraqları var".

Sədr onu da əlavə edib ki, regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil:

"Bunu bilirik. Lakin bizim səlahiyyətimiz məhduddur. Yerlərdə həkim kadr çatışmazlığı var, avadanlıqlar yetərli səviyyədə deyil.

Həkimlərin bəziləri düzgün müalicə-müayinə aparmaqda çətinlik çəkirlər".

BAKU.WS