SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının Nizami rayonunda baş verən avtobus qəzasının təfərrüatları məlum olub.

BAKU.WS
-in məlumatına görə, qəza zamanı minik avtobusu deyil, iki sərnişin avtobusu toqquşub. Hadisə barədə 62 saylı avtobusun sahibkarı, "Sahil” MMC şirkətinin rəhbəri Alim Rəcəbovun BAKU.WS-ə verdiyi məlumata görə, qəza zamanı onun şirkətinə aid 62 saylı avtobusu arxadan 36 saylı avtobus vurub.

"Bizim avtobus hərəkət edərkən arxadan 36 saylı avtobus işıqforun qırmızı işığından keçərək sürətlə hərəkət edib və 62 saylı avtobusa çırpılıb. Hadisə zamanı 10 TG 962 nömrə nişanlı, 62 saylı avtobus çevrilib. Avtobusun sürücüsü Anar İsmayılov isə xəsarət almayıb”, - deyə Alim Rəcəbov bildirib.
 
Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, 2 sərnişin avtobusunun toqquşması nəticəsində 13 nəfər yaralanıb.

BAKU.WS-in məlumatına görə, xəsarət alanlardan 11 nəfər 2 saylı Sabunçu Xəstəxanasına çatdırılıb. Xəstəxanın baş həkimi Fikrət Zeynalovun BAKU.WS-ə verdiyi məlumata görə, hazırda yaralılardan birinin vəziyyəti ağırdır. Digərlərinin isə vəziyyəti orta-ağır qiymətləndirilir.

"Həkimlərimiz əllərindən gələni əsirgəmirlər. Yaralıların həyatlarını xilas etmək üçün xəstəxananın bütün həkim heyəti cəlb olunub”, - deyə Fikrət Zeynolov bildirib.

Qəza zamanı ölən şəxs Asif Yusif oğlu Nəsirovdur. Onun polis əməkdaşı olduğu bildirilir.

Xəstəxaya yerləşdirilən şəxslərdən 2 nəfəri reanimasiyaya, 2 nəfər travmatologiyaya, qalanları isə palataya yerləşdirilib.
 

Ziya Babayev
BAKU.WS