SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəkidə taxıl sahəsini yandıran traktorçu saxlanılıb. O, sahəni rahat əkmək üçün bu addımı atdığını bildirib. Ümumilikdə isə son günlər biçilmiş taxıl sahələrini və digər əkin sahələrini yandıran 15 nəfər inzibati həbs edilib, 17 nəfər barəsində digər inzibati cəza tədbirləri görülüb.

Taxıl sahəsini yandıran şəxs saxlanılıb.

Şəki polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində sahələri yandıran, rayonun Köbər Zəyzid kənd sakini, 30 yaşlı Aslan Kərimov saxlanılıb. O, bildirib ki, şəxsi traktoru ilə sahələri şumlayır. Vətəndaşların sifarişi əsasında traktoru ilə əkin sahəsini şumlamazdan əvvəl ətrafını əkib. Lakin ərazidə çox saman olduğundan traktorla yeri əkmək çətinləşib. Ona görə də sahəni yandırıb.

Aslan Kərimovun sözlərinə görə, o, əkin sahələrinin yandırılmaması barədə həyata keçirilən son maarifləndirici tədbirlərdən və qəbul olunan cərimələrdən xəbərsiz olub. Ona görə də, işini asanlaşdırmaq məqsədilə bu addımı atıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ümumilikdə son günlər biçilmiş taxıl sahələrini və digər əkin sahələrini yandıran 15 nəfər inzibati həbs edilib, daha 17 nəfər barəsində isə digər inzibati cəza tədbirləri görülüb. Taxıl biçinindən sonra sahələrə od vuranlara, habelə yüksək gərginlikli elektrik xətlərinin altında əkin sahələrini yandıraraq bu xətlərə təhlükə yaradanlara, o cümlədən meşə sahələrində yanğınlara səbəb olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər görülür. Əkin sahələrində, meşəlik ərazilərdə yanğınların törədilməsinə qarşı mübarizə qanunvericiliyin tələbləri əsasında sərtləşdirilib. Bundan sonra da belə əməllər törədənlər barəsində cəza tədbirləri görüləcək. Ötən il inzibati xətalar məcəlləsinə edilmiş dəyişikliyə əsasən əkin sahələrinin yandırılmasına qarşı cəzalar sərtləşdirilib. Əkin yerlərinin yandırılmasına görə fiziki şəxsləri 400 manatdan 600 manata qədər, vəzifəli şəxsləri 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimə gözləyir.

BAKU.WS