SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Nardaranda baş verən insidentlə əlaqədar tutulan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

BAKU.WS
-in məlumatına görə, məhkəmə saxlanılan 14 nəfər barəsində 4 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.

Saxlanılanlara qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (Qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 120.2.3-cü (Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürmə), 120.2.11-ci (Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 214.2.3-cü (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə), 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Rəsmi məlumata görə, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə «Müsəlman birliyi" adlı hərəkat yaradıblar. Onlar topladıqları tərəfdarlarını müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublika əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.

Xatırladaq ki, noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər həlak olub. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılıb.

Ziya Səccad

BAKU.WS