SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Nardaran qəsəbəsində atışma baş verdiyi barədə redaksiyamıza təcili məlumat daxil olub.

Virtualaz.org saytı hələlik məlumatı hüquq-mühafizə orqanlarından və kənd sakinlərindən dəqiqləşdirməyə çalışır. Bununla belə yaralıların və ölənlərin olduğu bildirilir.

Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən məlumatı təsdiq ediblər, yaralıların gətirildiyini bildiriblər. Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyünü deyiblər. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilmir.

İslamezeri.az saytı xəbər verir ki, atışma dindarların qəsəbədə həbsi əməliyyatı zamanı baş verib. İlahiyyatçı Taleh Bağırzadə və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Sabunçu Rayon Polis İdarəsinin qarşısında xeyli sayda polis qüvvələri, bir hərbi maşın, suvuran maşın, 5-6 PPX maşını var.

İnsidentin Nardaranda "Rəhimə xanım" ziyarətgahının yaxınlığında namaz vaxtı baş verdiyi bildirilir.

3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov virtualaz.org saytına bildirib ki, xəstəxanaya 3 yaralı daxil olub.

Baş həkimin sözlərinə görə, onların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir.