SİZİN REKLAM BURADA!
055 213 76 73



23.05.2017 tarixində bir sıra informasiya saytlarında və sosial şəbəkələrdə 62 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda sürücü ilə sərnişin arasında mübahisə baş verməsi ilə bağlı videogörüntü yayılıb.
 
Kadrlardan göründüyü kimi, sərnişinlərdən biri avtobusa iri ölçülü tikinti materialı ilə mindiyindən sürücü ona etiraz edib və nəticədə tərəflər arasında mübahisə yaranıb. Sürücünün haqlı tələbinə məhəl qoymayan sərnişin apardığı əşyanın əl yükü olduğunu iddia edir. 

Bakı Nəqliyyat Agentliyinin məlumatından BAKU.WS-ə bildirilir ki, münətəzəm marşrut avtobuslarında baqaj (əl yükü) daşınmasının təşkili, saxlanması şərtləri və ödəniş qaydası Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 141 saylı qərarına əsasən tənzimlənir.
 
Həmin qərarda da qeyd olunduğu kimi, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm x 40 sm x 20 sm-dək olan və çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir. Ölçüləri və çəkisi göstərilən həddən artıq olan baqaj daşınmaya qəbul edilmir. Həmin qaydalara görə nəqliyyat vasitəsini və sərnişinlərin geyimlərini çirkləndirə bilən əşyaların daşınması da qadağandır. Sərnişin vidoeda görünən və əl yükü kimi təqdim etdiyi tikinti materialı həm ölçülərinə görə bu tələblərə uyğun deyil, həm də sərnişinlərin və avtobusun salonunu çirkləndirə və zədələyə bilər. Bununla yanaşı, belə ölçüdə əşya digər sərnişnilərin rahat minib düşməsinə də maneə yaradır, hətta ola biləcək sərt manevr zamanı sənişinlərin xəsarət almasına səbəb ola bilər. 141 saylı qərara əsasən, sərnişin əl yükü qismində daşınması qadağan edilən əşyaları aparmaq istədikdə daşıyıcı və ya onun nümayəndəsi sərnişinin daşınmasından imtina etmək hüququna malikdir. 

Bakı Nəqliyyat Agentliyi bəyan edir ki, ictimai nəqliyyat, o cümlədən müntəzəm sərnişindaşıma avtobusları ümumi istifadə üçündür. Bu kimi nəqliyyat vasitələrindən istifadə isə müvafiq hüquqi normativ aktlar və etik davranış qaydaları ilə tənzimlənir. İctimai nəqliyyatdan istifadə edən hər bir kəs qanunla müəyyən edilən qaydalara əməl etməlidir. Heç kimin sərnişin avtobuslarından şəxsi nəqliyyat vasitəsi kimi istifadə etməyə ixtiyarı yoxdur. 

Bir daha ictimai nəqliyyatdan istifadə edən sərnişinləri müəyyən edilən  qaydalarına əməl etməyə çağırırıq. Sərnişinlərimizdən ictimai nəqliyyatda bu cür hərəkətlərə yol verən sərnişinlərə qarşı elə yerindəcə düzgün münasibət ortaya qoymalarını, onları bu təhlükəli əməllərindən çəkindirmək üçün ictimai qınaq yaratmalarını xahiş edirik.
 
BAKU.WS