SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov ifadə verib.

O, sözünə ümumiyyətlə ifadə vermək istəmədiyini deməklə başlayıb: "Çünki ifadə verənlərin dediklərindən görünür ki, mən heç bir cinayət törətməmişəm".
V.Zeynalov nazirliyin rəhbərliyinin göstərişini yerinə yetirdiyini söyləyib: "Mən ictimaiyyətdə cinayətkar kimi göstərildim. Buna görə də ifadə vermək istəyirəm. Deyəcəklərim çoxdur. Amma özümü yormaq istəmirəm. Qoy səbəbkar vicdan əzabı çəksin. Əsl günahkarların cəzalandırılmasına çox az qalıb. Mən və həbsxanda olan digər şəxslər də bu günü gözləyir.

Məhkəmə istintaqı dövründə vəkillərimin vəsatətləri təmin edilmədi. Maliyyə Nazirliyinin işçilərinin məhkəməyə dəvət edilib dindirilməsi, ekspertlərə suallar verilməsi, çoxsaylı vəsatətlərimiz rədd edildi".

O, ittihamları qəbul etmədiyini, təmir tikinti işlərində, mal materiallarının alınması işlərində iştirakının olmadığını bildirib: "Məsul şəxs olmamışam, heç bir sənədlərin altında imzam yoxdur. Düzdü, səhvim var. Belə ki, mənə verilən tapşırıqları yerinə yetirmişəm. Çünkü bunu dövlət üçün etmişəm. Buna görə Allah günahımdan keçsin. Dəymiş ziyanı ödəmək istədim, lakin buna imkan vermədilər".

V.Zeynalov dindirilən zaman hazırda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovu ittiham edib: "Sabiq nazir müavini İltimas Məmmədov bu işlərdə daha çox günahkardır. O, 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törədərək, keçmiş nazir Əli Abbasovun işdən çıxarılmasına nail olmaq istəyirdi. Əli Abbasovun yerinə keçmək istəyən İltimas Məmmədov niyə həbs edilməyib? Ən azından o, məhkəmədə gəlib şahid qismində ifadə verməli idi. Çünkü pulların çoxu ona çatmışdı. Əgər günahkar olsaydım əmlaklarımı ailə üzvlərimin, yaxınlarımın adına keçirməzdim. İndi də imkan vermirlər ki, əmlaklarımı satıb dəymiş zərəri ödəyim. Məhkəmədən də xahiş edirik ki, ekspertlərin də müəyyən etdiyi məbləğlə əmlaklarımın satılmasına şərait yardılsın. Əgər buna da razı deyillərsə, indidən desinlər biz də müştəri axtarmayaq".

Sabiq Aparat rəhbəri Maliyyə Nazirliyi və Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamaların qərəzli olduğunu və tərtib edilən aktların əsassız olduğunu söyləyib.
Daha sonra V.Zeynalov səhhətinin pisləşdiyini deyərək ifadəsini yarımçıq saxlayıb: "Artıq bədənim əsir. Bu mənə canımdan əziz deyil ki".
Məhkəmənin növbəti iclası mayın 10-na təyin edilib.

BAKU.WS