SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Şəmkirdə gənclərin mübahisəsi odlu silahdan açılan atəşlə iki nəfərin xəsarət alması ilə nəticələnib.

BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, yaralılardan birinin vəziyyəti ağır, digərinin səhhəti isə nisbətən yüngül kimi dəyərləndirilir.

Silahlı insident Şəmkir rayonunun Dəllər-Cəyir kəndində baş verib. Dəllər Daşbulaq kənd sakini 31 yaşlı Vahid Əsgərov Şəmkir sakini həmyaşıdı Cavid Şirinova odlu silahdan atəş açıb. Güllə yarası alan sonuncu ətrafdakıların köməkliyi ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra yaralı Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə aparılıb.

Elşən Quliyev - həkim: "Şöbəmizə güllə yarası ilə Şirinov Cavid Faiq oğlu daxil olub. Xəstədə sağ baldır nahiyyəsinin yuxarı üçdə birində güllə yarası aşkarlanıb. Dərhal yardım göstərilib. Rentgen müayinələrdən keçirilib. Sonradan xəstə yaxınları yaralını özəl xəstəxanalardan birinə evakuasiya etdilər".

Hadisə tərəflər arasındakı mübahisədən yaranıb. Əvvəlcə əlbəyaxa olan gənclərin hirsi bir qədər sakitləşsə də, sonradan mübahisə Vahid Əsgərova məxsus "Niva" markalı avtomobildə yenidən qızışıb. Bu zaman Vahid avtomobilində saxladığı odlu silahla Cavidi yaralayıb.

Şahid: "Çöldə bir az mübahisə etdilər. Ancaq bilmədik nəyə görə edirlər. Biz həyətdə işləyirdik. Çıxdıq çölə, dedilər bir nəfəri güllələdilər".

Hadisə zamanı yaxınlıqdakı 33 yaşlı Zirəddin Qarayev də xəsarət alıb. Həmin şəxs də yaxınları tərəfindən Gəncədəki özəl klinikalardan birinə yerləşdirilib. Hələlik odlu silahdan istifadə edən Vahid Əsgərov saxlanılmayıb.  Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat- axtarış tədbirlərini davam etdirir.
 
BAKU.WS