VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı açıqlama yayıb.
 
Nazirlikdən BAKU.WS-ə  verilən məlumata görə, marşrutu üzrə sərnişindaşıma həyata keçirən "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib: "Faciəyə səbəb olan mikroavtobusa Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb".
 
Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq Memar Əcəmi metro stansiyası yaxınlığından sərnişindaşıma xidməti göstərib.
 
Bundan öncə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, bu gün saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
 
Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.
 
Hazırda cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.
 
Qeyd edək ki, ölənlərin hamısı tələbədir.
 
BAKU.WS