SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Bakı Hərbi Məhkəməsində həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

İclasda ləğv edilmiş MTN-nin İstintaq baş idarəsinin rəisi, general Mövlam Şıxəliyev ifadə verib. O bildirib ki, MTN-in peşəkar əmakdaşlarından olan V.Ələkbərova qarşı 2008-ci ildən böhtan kampaniyası aparılıb: "Bu işi görənlərin istintaqını 2008-ci ildə Vüsal Ələkbərov aparıb. Onlar "Texnikabank”a qarşı iddia qalıdıraraq pullarının qaytarılmasını istəyiblər. Lakin məhkəmə onların iddialarını qəbul etməyib və pulların Zal Yusifov tərəfindən mənimsənilməsi sübuta yetirilib. İndi pulları da Zal Yusifov qaytarmalıdır. Mən hesab etmirəm ki, Vüsal Ələkbərov kimdənsə rüşvət alsın".

M.Şıxəliyev zərərçəkənlərin bəzilərini tanıdığını deyib: "Namil Rzayevi, Nizami Kazımovu, Hüseyn Səfərovu və Akif Qurbanovu tanıyıram. Nizami ilə Hüseynin adı "Texnikabank” işində keçib. Buna görə də Nizami Kazımov həbs edilib, sonradan ev dustağı edilib. Onunla MTN-də görüşməmişəm, heç vaxt da pul söhbəti etməmişəm. Elə rəis olmamışam ki, təqsirləndirilən şəxslə pul alış-verişi edim. Vüsal Ələkbərovun da Nizami Kazımovla söhbətini eşitməmişəm.

Hüseyn Səfərovu "Texnikabank” işi ilə bağlı həbs ediləndən sonra tanımışam. Onunla da aramda pul söhbəti olmayıb. Elşən Mədətovu, Müsənnif Salahovu ümumiyyətlə tanımıram.

Namil Rzayevi isə 1993-cü ildən tanıyıram. Mən Qaradağ rayon Polis İdarəsində işləyəndə şöbə rəisi Eldar Rzayevin qohumu kimi yanına gəlib-gedib. O vaxtdan onunla münasibətim olub. Amma ondan 28 may küçəsində olan evimin qarşısında pul almağım yalandır. Çünki mənim orada ümumiyyətlə evim yoxdur.

Bahəddin Sultanovu tanımıram, onunla bağlı Binəqədi rayon Polis İdarəsinin keçmiş rəisi Rasim Musayevlə söhbətim olmayıb.

Akif Qurbanovla münasibətim olub, düzdür, toyda onunla görüşmüşəm. Amma Etibar Əliyevin həbs edilməsi barədə söhbətimiz olmayıb və Etibarı söyməmişəm. Mən ümumiyyətlə söyüş söyən adam deyiləm".

Mövlam Şıxəliyevin ifadəsinə zərərçəkmiş Namil Rzayev münasibət bildirib: "Mən buna söz deməyə xəcalət çəkirəm. Amma bunlar mənəm evimin satılmasına görə xəcalət çəkmirlər. Mövlam Şıxəliyevin otağında olmuşam, o mənə dedi ki, şefin göstərişi var, həbs edilməlisən. Mən Eldar Mahmudovu "Oboxees” işləyəndən tanımışam. Mövlam əvvəl 1 milyon, sonra 700 min, daha sonra isə 500 min dollar istədi. Bu pulun 200 min dollarını Mövlama, 300 min dollarını isə Vüsala vermişəm”.

Mövlam Şıxəliyev bu iddiaya reaksiya verərək deyib ki, rəhbərindən hər hansı bir qanunsuz göstəriş almayıb.

Nizami Kazımovun suallarına cavab verən Mövlam Şıxəliyevə ona "sən" deyə müraciət etməsinə hakim etiraz edib: "Mən bayaqdan sizin aranızda olan söhbəti izləyirəm. Nizami Kazımov "Siz” deyə müraciət edir. Amma siz ona "Sən” deyirsiz. Burada hamının bərabər hüququ var. Siz burada idarə rəisi, general yox, şahid kimi danışırsan”.

Mövlam Şıxəliyev isə hakimin ittihamına daha kəskin cavab verib: "Mən Allaha da "Sən” deyə müraciət edirəm. Mən heç kimdən pul almamışam, heç kimə də qaytarmağa pulum yoxdur”.

***

M.Şıxəliyevin bu sözlərinə zərərçəkən Hüseyn Səfərov etiraz edib: "Mövlam Şıxəliyev burada arxayın danışır. Kimlərəsə pulunu verib, xilas olub. Bu Mövlam Şıxəliyev idi ki, otağında məni tərifləyirdi, ”nazirə səni tərifləmişəm, dediyimiz pulu da verir, hələ üstündə 50 min manat da verir, nazir də dedi ki, deyilən pulu versin, 50 min manat lazım deyil” deyirdi.

Nizami Kazımov da M.Şıxəliyevin yalan danışdığını deyib: "Necə ola bilər ki, bu olanlardan Mövlam Şıxəliyevin xəbəri olmasın. MTN-nin hər tərəfi kameradır. Bəs onda sumka-sumka gələn pulları niyə görməyib. Bizi tutmuşdular, cinayət törətmişdik, niyə buraxdılar?”.

MTN generalı 5 milyonluq bağ evinin olmasını təkzib etmədi

M.Şıxəliyev deyib ki, nazir Eldar Mahmudovdən hər hansı bir göstəriş almayıb: "Həm Hüseyn Səfərovun, həm də Nizami Kazımovun həbsdən azad edilməsi üçün qərarı istintaqa nəzarət edən prokurorluq verib. Əgər qanuna zidd hərəkət olsaydı, prokurorluq müstəntiqin qərarını ləğv edərdi. Kiminsə həbsdən azad edilməsi mənim səlahiyyətlərimə aid olmayıb. Mən MTN-də təşkilatı işlərə baxmışam”.

MTN generalı zərərçəkmişlərin iddia etdiyi 5 milyon manatlıq bağ evinin olmasını təkzib etmıyib və şəxsi biznesi olduğunu xatırladıb: "İşimdən əlavə bizneslə məşğul olmuşan və özümə mülk almışam. Vüsal Ələkbərov cinayət törətməyib. O, "Meşə qardaşları”, "Sumqayıt camaatı”, "Sahil qardaşları”, casusluq və dövlətə xəyanət edənlərin işinə baxıb və onların işini məhkəməyə göndərib. Vüsal Ələkbərov əqidəli işçi olub. Heç vaxtda qanunsuzluğa yol verməyib. Vüsal Ələkbərov nazirin də işini araşdırıb və məhkəməyə göndərib. Onu Namiq Abbasov isə götürüb”.
İclasda şahid qismində ifadə verən Hikmət Şükürov deyib ki, 2008-ci ildə zərərçəkən Elşən Mədətovun Şirvan şəhərində olan restoranını və Sabirabad rayonunun Həşimxanlı kəndində olan un dəyirmanını alıb.

Daha sonra prosesdə həbsdə olan "Texnikabank" ASC-nin Bakı filialın sabiq rəhbəri Zal Yusifov ifadə verib. O bildirib ki, "Texnikabank" işinə görə həm özü, həm oğlu İslam, həm də qardaşı Camal həbs olunub: "Vüsal Ələkbərov mənə dedi ki, özün 15, oğluna isə 8 il cəza verdirəcəm, dediyi kimi də oldu".

Zal Yusifov deyib ki, Nizami Kazımov və Hüseyn Səfərovla üzləşdirilib və Vüsal Ələkbərov ona deyib ki, bankda baş verən qanunsuzluqlardan onların da xəbəri olub: "Başa düşdüm ki, Nizami Kazımov bankdan pul tələb etdiyi üçün həbs edilib. Bir günün içində Nizami Kazımovun bankın balansında olan pulu yoxa çıxdı. Bilmədik pul hara yox oldu. Vüsal Ələkbərov mənə dedi ki, Hüseyn Səfərovla Nizami Kazımovun hər biri 2 milyon dollar verib həbsdən buraxılıblar, səndə 2 milyon manat ver, bankın sənədlərini elə dərin yerə atım, heç kimin xəbəri olmasın, səndə azadlığa çıx. Mən Vüsal Ələkbərovun təklifi ilə razılşmadım".

Zal Yusifov qeyd edib ki, oğlu İslamı istintaq dövründə zaminə buraxılması üçün 300 min dollar ödəyib.
Zərərçəkmiş Hüseyn Səfərov deyib ki, V.Ələkbərov Z.Yusifovdan onların əleyhinə zorla ifadə alıb: "Vüsal Ələkbərov da, Mövlam Şıxəliyev də "Texnikabank”ın idarə heyətinin sədri Etibar Əliyevdən külli miqdarda pul alıblar. Sonra işi bu vəziyyətə gətiriblər”.

Nizami Kazımov qeyd edib ki, bankın balansında olan 38 milyon manat bir günün içində silinib: "Bütün bunlara cavabdeh Etibar Əliyevdir. O bura gəlməlidir və cavab verməlidir. Bankdakı mənimsəmə faktından sonra Etibar Əliyevlə görüşdüm, dedi Elman Rüstəmov bu məsələnin həll edilməsini, bankın adına ləkə gətirilməməsini tapşırıb". 
Zal Yusifov bildirib ki, dövlət sərhəd xidmətinin yoxa çıxan vəsaiti həll edilib.

"Hökmə kimi pul ödənilmədiyi üçün oğlu həbs edildi"

Zərərçəkmiş Namil Rzayev əmanətçilərə dəyən ziyanın ödənilməsi üçün Etibar Əliyevlə razılığa gəldiklərini: " MTN işə qarışmasaydı bank bizim pulları ödəyəcəkdi. Həmin görüşdə Etibar Əliyev dedi ki, Zal Yusifovun tutulmaq qorxusu yoxdur, pullar bir həftəyə qaytarılacaq. Bir həftədən sonra Zal Yusifov həbs edildi. Bundan sonra Etibar Əliyevin yanına getdim. Vüsal Ələkbərov Etibar Əliyevin yanında quzu balası kimi əyləşirdi. Elə bil ki, müstəntiq Etibar Əliyev idi, o istintaqı aparırdı. Vüsal Ələkbərovun başı Etibar Əliyevin yanında aşağı idi. Çünki ondan pul almışdı.

Zal Yusifov zərərçəkmiş N.Rzayevin dediklərini təqdiqləyib: "Mən həbs olunan gün Etibar Əliyev yüksək vəzifəli generalla mənim evinə gəldi: "Dedilər ki, məsələ bir həftəyə həll olunacaq. Amma əvəzinə məni həbs etdilər”. 

Vüsal Ələkbərov qeyd edib ki, Zal Yusifova vətəndaşlara dəymiş ziyanın ödənilməsini təklif edib: "Təklif etdim ki, camaatın pulu ödənilsə, həbs qərarı dəyişdirilə bilər. Çünki həmin ərəfədə pulları batan vətəndaşlar mitinq eləmək istəyirdilər, bizdə onların sakitləşməsi üçün dəymiş ziyanın ödənilməsi məsələsini qaldırmışdıq. Bununla bağlı baş prokurorun da göstərişi var idi. Həmin vaxt Zal Yusifov dedi ki, pulların yerini oğlum bilir, onu həbsdən azad edin, pullar ödənəcək. Bizdə onun oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirdik. Amma hökmə kimi pul ödənilmədi. Buna görə də hökmdə Zalın oğlu həbs edildi”.

BAKU.WS