SİZİN REKLAM BURADA!
055 213 76 73


Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxslərdən Tofiq Musayev barəsində polis nəzarəti qətimkan tədbiri, digər təqsirləndirilən şəxslər barəsində isə həbs qətimkan tədbiri seçilib.

Prosesdə Tofiq Musayev və Ruslan Əfəndiyevin vəkilləri müdafiə etdikləri şəxslərin əməllərində cinayət tərkibi olmadığı üçün işə bəraətverici əsaslarla xitam verilməsini istəyiblər.

Bundan başqa, vəkillər müdafiə etdikləri şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və prosesin qapalı keçirilməsi ilə bağlı vəsatətlər veriblər.

Vüqar Kərəmovun vəkili bildirib ki, müdafiə etdiyi şəxsin dayısı Birinci Qarabağ Müharibəsinində şəhid olaraq itkin düşüb: "Bu yaxınlarda onun nəşi tapılıb və dəfn edilib. Vüqar Kərəmovun dayısının 40 mərasimi yaxın günlərdə keçiriləcək. Nə dəfndə, nə də mərasimdə iştirak edə bilib. Orada iştirak etməsi üçün ev dustaqlığına buraxılmasını xahiş edirik".

Ənvər Əfəndiyevin vəkili də müvəkkilinin 86 yaşında xəstə anasının onun himayəsində olmasını əsas gətirərək vəsatətinin təmin olunmasını xahiş edib:

"Ruslan Əfəndiyev bu ölkə üçün idmançılar yetişdirib. Həmin idmançalar dünyada ölkəmizi təmsil edib, bayrağını ucaldıb, himnini səsləndirib. Bunların nəzərə alınmasını xahiş edirik".

Məhkəmə vəsatətləri təmin etməyib.

Baxış iclası iyunun 24-nə təyin edilib.

Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində baş verib.

İttihama görə, təqsirləndirilən idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.

Cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılıb.

Ruslan Əfəndiyev və onun tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbsdədir. T.Musayev və Mehman Məmmədov istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

İstintaqın sonunda iş üzrə təqsirləndirilən Mehman Məmmədovun barəsindəki cinayət işinə bəraət verici əsaslarla xitam verilib.//APA

BAKU.WS