VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada avtomobillə iki şagirdi vuraraq öldürən sürücü saxlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir", - qurumdan qeyd olunub.

***16.27

Zaqatalada avtomobilin iki şagirdi vuraraq öldürməsinin təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə bildirilib ki, bu gün, saat 13:00 radələrində Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.

Nəticədə, azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

DİN-in Baş DYP İdarəsi bir daha sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslərə müraciət edərək onları bu ağır yol-nəqliyyat hadisəsindən düzgün nəticə çıxarmağa, həm özlərinin, həm də neçə-neçə məsum insanın həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır.

***15:23

Zaqatalada 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

***14:51

Zaqatalada üç məktəblini avtomobil vurub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala-Göyəm avtomobil yolunda baş verib.

İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili Göyəm kənd sakini olan üç məktəblini vurub. Onlardan ikisi aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Uşaqların meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Xəsarət alan uşaq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.

BAKU.WS

QALEREYA