SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"ATƏT-in Minsk qrupu cəbhədəki vəziyyəti nəzarətdə saxlaya bilmədi. Bu gün ölən insanların ruhu onları bağışlamayacaq. İndiyə kimi boşboğazlıqla, ikiüzlülüklə məşğul olmuş Minsk Qrupu cəhbədə gərginlik yaranandan sonra başlayıb ki, danışıqlar masası arxasında oturmaq lazımdır. Onlar görəsən öz dedikləri sözlərə inanırlar?"
 
Bunu BAKU.WS-ə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov söyləyib. O, son zamanlar cəbhədə vəziyyətin gərginləşməsində ATƏT-in Minsk Qrupunu günahkar görür: "Danışıqlar normal insanlarla aparılır. Ermənistanın cinayətkar rəhbərliyi indiyə kimi heç bir danışıqdan nəticə çıxarmayıb. Azərbaycan ATƏT-dən imtina etməlidir və biz, zor tətbiq etməklə, var gücümüzlə antiterror əməliyyatlarına başlamalıyıq. Heç kim də bu əməliyyatı Azərbaycana qadağan edə bilməz".
 
Hərbi ekspert vurğulayıb ki, Ermənistana havadarlıq edən Rusiya, Fransa və ABŞ riyakar addımlarını açıq etiraf etməlidir: "Biz indiyə qədər beynəlxalq qurumlara çox inandıq. Ancaq onlar bizim inamımızı boşa çıxardılar və danışıqlar prosesini ləngitdilər. İki erməni dığasına görə Ermənistana başsağlığı verən Minsk Qrupu ölkələri Azərbaycanda onlarla itkilər olanda səslərini də çıxarmadılar. Bunun adı nədir? Əgər Ermənistan ordusunu işğal olunmuş Azərbaycan ərzilərindən geri çəkməzsə, o zaman bütün məsuliyyət cinayətkar hakimiyyətin üzərində qalacaq. Hazırkı, vəziyyət Ermənistan hakimiyyətinə sərf edir. Onlar ölkə daxilindəki acınacaqlı vəziyyəti müharibəni qızışdırmaqla ört-basdır etmək istəyir. Azərbaycan Minsk Qrupu ilə bağlı çox sərt qərar verməlidir".
 
Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycan bundan sonra itkilərlə barışa bilməz: "Bizim genafondumuza zərbə vurulur, torpaqlarımız təhqirə və təzyiqə məruz qalır", - deyə hərbi ekspert əlavə edib.
 
ŞAHİN Həbibov 
BAKU.WS