SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərində polisin qanuni tələbini yerinə yetirmədiyinə, avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına real təhlükə yaratdığına, sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə, paytaxtın müvafiq rayon məhkəmələri tərəfindən çıxarılan qərarlar əsasında 8 sürücü həbs olunub.

Bakı şəhər baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, onlardan 3 nəfər polisin qanuni saxlama əmrinə tabe olmadığına, 5 nəfər avtoxuliqanlığa və avtomobili sərxoş idarə etdiyinə görə təqsirli bilinib.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxt yollarında müəyyən olunaraq, saxlanılan 8 nəfərə 10 gündən 40 günə qədər müddətlərdə inzibati həbs cəzası verilib.

Daxili İşlər Nazirliyinin İnzibati qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində keçirilən görüşdə Bakı şəhər BPİ DYPİ-nin İctimaiyyətlə Əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov həbs olunanlarla profilaktik söhbətlər aparıb. Bildirilib ki, yol polisinin fəaliyyəti birbaşa olaraq, yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinə yönəlib. Bu fəaliyyətin əsasını təşkil edən məsuliyyət hissi təkcə bir adamın yox, böyük bir toplumun gələcəyi ilə əlaqəlidir. Ona görə də yollarda hərəkət iştirakçılarının intizam və məsuliyyəti diqqət mərkəzində saxlanılır. Davranış qaydalarına sükan arxasında daha diqqətlə əməl olunmalıdır. Vurğulanıb ki, 2015-ci ilin ilk 9 ayı ərzində avtoxuliqanlıq və yol polisinin qanuni saxlama əmrinə əməl etmədiyinə görə 522 sürücü müvafiq rayon məhkəmələrin qərarları ilə inzibati məsuliyyətə cəlb olunaraq, həbs edilib.

Həbs olunan sürücülər arasında sosial şəbəkələrdə gənc sürücüləri paytaxtın mərkəzi küçələrində avtoxuliqanlıq etməyə çağıran sürücülər də var. Sosial şəbəkələrdə yayılan məlumatlardan həvəslənən Bakı şəhər sakini, 24 yaşlı Orxan Paşayev idarə etdiyi "Seat” markalı maşınla bu çağırışlara qoşularaq, Səbail rayonu ərazisində avtoxuliqanlıq əməlləri törətdiyi üçün yol polisi tərəfindən saxlanılıb.

İnzibati qaydada həbs edilənlər arasında avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən şəxslərə də rast gəlinib. Onlardan biri –Qəbələ şəhər sakini, 36 yaşlı Rahim Kərimov bildirib ki, neçə ildir avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir. O, sənədləri olmadığına görə yol polisinin qanuni "saxla” əmrinə əməl etməyərək avtoxuliqanlıq hərəkətləri törədib.

Sərxoş vəziyyətdə idarə etdiyi "Moskviç” markalı avtomobillə sərxoş vəziyyətdə qəza törədən 3 uşaq atası 25 yaşlı Sabunçu rayon sakini Anar Bağırov da məhkəmənin çıxardığı müvafiq qərara əsasən həbs edilib.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə və sükan arxasında olan zaman digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa dəvət edir.

Ziya Səccad
BAKU.WS