SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvanda iki minik avtomobili toqquşub, nəticədə 6 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb.

Ağır yol-nəqliyyat hadisəsi gecə Naxçıvanın Kəngərli rayonunda baş verib. 

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, Yeni Kərki kəndində Xanlar Soltanovun idarə etdiyi avtomobil Şərur rayon sakini Cəlil Əliyevin idarə etdiyi maşınla toqquşub.

Hadisədən sonra əraziyə xilasedicilər və polis əməkdaşları cəlb edilib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobillərdə sıxışıb qalan şəxslər çıxarılıb. Onlardan 6 nəfər dünyasını dəyişib, 4 nəfər isə ağır xəsarət alıb. Xəsarət alanlar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza ilə bağlı bəzi təfərrüatlar məlum olub. Hadisə zamanı həlak olan Xanlar Sultanov və onun həyat yoldaşı Azadə Sultanova toydan qayıdırmış. Azadə Sultanovanın 3 yaşlı qardaşı oğlu və ailənin digər qohumu, 63 yaşlı Sahiyə Cəfərova da həmin vaxt avtomobildə olublar. Onların da həyatını xilas etmək mümkün olmayıb. Ölənlərdən 27 yaşlı Amin Oruclu həkim olub. O, Babək rayonunun Kültəpə kəndində stomatoloq işləyirmiş. 23 yaşlı Hikmət Əlizadə isə Naxçıvan Tibb Kollecinin tələbəsi olub.

Daha ətraflı süjetdə:

***12:17

Naxçıvanda altı nəfərin həlak olduğu dəhşəti yol-nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi açılıb.

Naxçıvan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb və müvafiq ekspertizalar təyin olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Naxçıvan Mərkəzi Xəstəxanasından oxu.az-a bildirilib ki, hazırda xəstəxanada altı yaralı var:

“Yaralılardan dördü Reanimasiya, ikisi isə Travmatologiya şöbəsindədir.

Reanimasiyada olan 1992-ci il təvəllüdlü Cəlil Musa oğlu Əliyev, 2018-ci il təvəllüdlü Xanlar Torğul oğlu Sultanov, 2014-cü il təvəllüdlü Fərid Fariz oğlu Sultanlı, 2013-cü il təvəllüdlü Fəridə Fariz qızı Sultanovanın vəziyyəti ağırdır. Daxili qanaxmaları var.

Travmatologiya şöbəsində olan 1994-cü il təvəllüdlü Elmira Əlirza qızı Sultanova, 2003-cü il təvəllüdlü Zəhra Fərman qızı Cəfərovanın travmaları yüngüldür. Sınıqları var”.

Qeyd olunub ki, qəzadan ağır vəziyyətdə xəstəxanaya gətirilən beş nəfərin isə həyatlarını qurtarmaq mümkün olmayıb:

“1963-cü il təvəllüdlü Sahiyə Əsəd qızı Cəfərova, 2020-ci il təvəllüdlü Fateh Fariz oğlu Sultanov, 1996-cı il təvəllüdlü Amin Akif oğlu Oruclu, 2000-ci il təvəllüdlü Hikmət Rövşən oğlu Əlizadə, 1973-cü il təvəllüdlü Xanlar Şamil oğlu Sultanov həkimlərin səyinə rəğmən, xəstəxanada vəfat ediblər. Digər bir nəfər isə hadisə yerində dünyasını dəyişib. Hazırda morqdadır”.

***10:39

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 6-ya çatıb.

BAKU.WS-in məlumatına görə, bu barədə "Report"un yerli bürosu xəbər verir.

Qəza nəticəsində xəsarət almış daha 4 nəfərin isə vəziyyəti ağır olaraq qalır.

Hazırda onların müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.

***09:43

Fövqəladə Hallar Nazirliyi Naxçıvanda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən BAKU.WS-ə verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəngərli rayonunun Xok kəndində yol-nəqliyyat hadisəsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizlik İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Volkswagen” və “Hyundai” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birində 5 nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə, 3 nəfərin meyiti nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin yanğınsöndürən-xilasedicilər tərəfindən hadisə yerində müvafiq yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilib.

***08:55

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər dünyasını dəyişib.

Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb.

Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.

BAKU.WS
VİDEO

VİDEO

QALEREYA