SİZİN REKLAM BURADA!
055 213 76 73



Azəriqaz İstehsalat Birliyi Hökməli qəsəbəsində baş verən partlayışla bağlı açıqlama verib. 

Birliyin sözçüsü İbrahim Kərbəlayevin BAKU.WS-ə verdiyi məlumata görə, partlayış baş verən ev qaz xəttinin üzərində tikilməyib.  "Amma orada, bütün məhəllələrdə yeraltı və yerüstü qaz kəmərləri var. Partlayışa qaz sızmasının səbəb olmasına gəldikdə, hüquq-mühafizə orqanı əməkdaşları ilə birlikdə bizim nümayəndələrimiz də hadisə yerində olublar. Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə açıqlama veriləcək”, - deyə Kərbəlayev əlavə edib.
 
Qeyd edək ki, Abşeron rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən partlayışın detallatı məlum olub. 

Musavat.com-un əməkdaşı hadisənin baş verdiyi evə gedib və bəzi məsələləri dəqiqləşdirə bilib. 

İkimərtəbəli fərdi yaşayış evi Müşfiq Qurbanova məxsusdur. O, Nəqliyyat Nazirliyində işləyir. Ev sahibinin həyat yoldaşı Şəbruz Novruzova isə cərrahdır. O, Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.

Evin yaxınlığından yerin altı ilə qaz kəməri keçir. Kəmərdə sızma olub və bundan heç kim xəbər tutmayıb. Kəmərdən sızan qaz Müşfiq Qurbanovun evinin altına yığılıb. Ev sahibi bu gün səhər namaza oyanıb. O, evin işıqlarını yandıranda dəhşətli partlayış baş verib. Partlayış o qədər güclü olub ki, ikimərtəbəli evin damını yerindən qoparıb. 

Hadisə nəticəsində ailənin 3 yaşlı üzvü Banıçiçək Qurbanlı dünyasını dəyişib. Müşfiq Qurbanov, həyat yoldaşı Şəbruz Novruzova və onların 12 yaşlı qızı Leyla isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 
Respublika Yanıq Mərkəzindən Musavat.com-a verilən məlumata görə, yaralıların hər üçünün vəziyyəti ağırdır. Ailə başçısının bədəninin 70 faizdən çoxu, onun həyat yoldaşı və qızıının isə bədəninin 80 faizindən çoxu yanıb. 

ƏLİ
BAKU.WS