SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alan 18 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib.

Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xəsarət alan 5 nəfərin müalicəsi davam etdirilir. Xəsarət alanlardan 2-si (vəziyyətləri ağır stabil qiymətləndirilir) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində, 2-si (vəziyyətləri stabil qiymətləndirilir) Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsində, 1-i (vəziyyəti orta ağır qiymətləndirilir) isə Sabunçu Tibb Mərkəzinin Travmatologiya şöbəsində həkim nəzarəti altındadır.

Xatırladaq ki, hadisə nəticəsində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən 23 nəfər TƏBİB-in tabeliyindəki müəssisələrinə yerləşdirilmişdi.

***18:04

Bakı-Qazax yolunda baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası hadisə yerinə cəlb edilib.

Bununla bağlı TƏBİB məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilib.

Xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib. Onların müvafiq şöbələrdə müalicələrinə davam edilir.

Qeyd edək ki, xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub.

Onların vəziyyətləri ilə bağlı əlavə məlumat veriləcək.

***15:21

Bakı-Qazax yolunda mikroavtobusun aşmasına səbəb piyada olub.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisə yolun 26-cı km-də olub. Sürücü, 1957-ci il təvəllüdlü R.Məmmədov idarəetməni itirərək, mikroavtobusu aşırıb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib ki, 99-XX-256 dövlət nömrə nişanlı, “İsuzu” markalı, 164 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən mikroavtobusun qarşısına piyada çıxıb:

“Bu səbəbdən sürücü idarəetməni itirərək mikroavtobusu aşırıb. İlkin məlumata görə, hadisə nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

***15.07

Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO