SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gecə Bakı şəhərinin Zığ qəsəbəsində dəhşətli yol qəzasında vəfat edən 24 yaşlı Sahib Rzayevin nişanlı olduğu məlum olub. Yaxınlarının lent.az-a verdiyi məlumata görə, bu ayın 20-də onun qız, 25-də isə oğlan toyu olacaqmış və ailəsi artıq hazırlığa da başlayıbmış.

S.Rzayev bu gecə atasının idarə etdiyi "QazEL"in "KamAZ"a çırpılması nəticəsində atası Pirican Rzayev və xalası oğlu, həm də yeznəsi olan Elşad Qəhrəmanovla birgə vəfat edib. Onlar bu gün dəfn edilib.

---------

13:32

Bu gecə Bakıda baş vermiş dəhşətli yol qəzasında bir ailədən 3 nəfər vəfat edib. lent.az-a bildirir ki, Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində "QazEL" və "KamAZ" markalı yük maşınlarının toqquşması nəticəsində, "QazEL"in sürücüsü, 1955-ci il təvəllüdlü Rzayev Pirican Əlif oğlu və sərnişinləri, sürücünün oğlu - 1992-ci il təvəllüdlü Rzayev Sahib Pirican oğlu ilə sürücünün yeznəsi, 1976-cı il təvəllüdlü Qəhrəmanov Elşad Qəni oğlu vəfat edib. "QazEL"in kuzasında olan Qədirov Tacəddin Mehralı oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya düşən ailə kiçik sahibkarlıqla məşğul olurmuş və maşınla cücə daşıyırmış. Gecə saatlarında Zığ qəsəbəsində kubiklə dolu "KamAZ" yoxuşa çıxa bilmədiyindən yolun hərəkət hissəsində dayanıb. Nəticədə arxadan gələn "QazEL" həmin yük maşınına çırpılıb. "KamAZ"dakı kubiklər "QazEL"in üstünə tökülüb və maşının qarşı tərəfində oturaq halda vəfat edən şəxslərin cəsədlərini çıxarmaq üçün əraziyə xilasedicilər cəlb edilib.

Artıq "KamAZ"ın sürücüsünün kimliyi müəyyənləşdirilib. Bu, 1958-ci il təvəllüdlü Məlikov Əlikram Əlibala oğludur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

----------

09:39

Bakı şəhəri, Suraxanı rayonunda "Qazel" markalı yük avtomobili "Kamaz" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq "Qazel" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 2 nəfərin cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:51-də başa çatıb.