Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol-patrul xidməti alayının komandiri Rəşadət Babayevin bu gün Tbilisi prospektində sürücünü vurması və hamilə qadını təhqir etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib. 

BŞDYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun BAKU.WS-ə verdiyi məlumata görə, Rəşadət Babayevin sürücünü vurmaslı və ya kimi isə təhqir etməsi haqqında məlumatların əsası yoxdur.

"Şəhərin Tibilisi prospektinin sözügedən ərazisində dayanma-durmanı qadağan edən nişan quraşdırılıb. Bu nişanların təsiri zonasında qanuni xidmət aparan YPX əməkdaşlarının fəaliyyətinə bilərəkdən xələl gətirmək və ictimaiyyət arasında mənfi imic yaratmaq məqsədi ilə bu informasiya yayılıb. Videogörüntüdən aydın olur ki, orada polis əməkdaşı heç bir hamilə qadına qarşı kobudluq etməyib və heç kəsə sillə vurmayıb. Videoda əvvəlcədən bir neçə şəxsin həmin ərazini mobil telefon ilə video-qeydiyyata alması hadisənin əvvəlcədən planlaşdırılmasından xəbər verir. Əgər YPX əməkdaşı hamilə qadına qarşı kobudluq edibsə və onun ərinə sillə vurubsa onlar niyə şikayət etməyiblər?! Bu, həmin ərazidə fəaliyyət göstərən bəzi şirkətlərin əməkdaşları tərəfindən ona görə hazırlanıb ki, həmin ərazidə dayanma-durmanı qadağan edən nişan ləğv edilsin və onlar öz avtomobillərini çalışdıqları şirkətin qabağında saxlaya bilsinlər. Bu isə mümkün deyil. Çünki həmin ərazi Bakının şimal girişidir. YPX əməkdaşları da həmin ərazidə xidmət apararaq süni tıxacların yaranmaması üçün qanunsuz parklanmalara qarşı mübarizə aparır. Həmin sürücü avtomobilini yolun hərəkət hissəsində qanunsuz olaraq park edib və polis əmədaşının qanuni tələblərinə əməl etməyib", - Vaqif Əsədov bildirib.
 
Əli  
BAKU.WS