Bakıda qabaqcadan əlbir olan bir qrup şəxsin törətdiyi quldurluq əməli ilə bağlı yeni təfərrüat bəlli olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Firudin İsmayılov, Kənan Müzəffərli, Kamran Abdulov və Dilbər Hacıyevanın cinayətinin hədəfi keçmiş icra başçısı olub.

Onlar Naxçıvan Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Vüqar Səfərovun Bakıda yerləşən mənzilinə daxil olaraq quldurluq aktını həyata keçiriblər.

Bunun üçün əvvəlcədən Vüqar Səfərovun yaşadığı evlə bağlı “kəşfiyyat” aparılıb və cinayət planı qurulub.

Firudin İsmayılov ifadəsində göstərib:

“Vüqar Səfərov əvvəllər icra başçısı işlədiyindən onun mənzilində çoxlu nağd pul olduğunu fikirləşdik. Təxminən üç ay ərzində həmin əraziyə baxış keçirərək mənzilə basqın etməyi planlaşdırdıq”.

Cinayətkarlar iz itirmək üçün özlərində olan avtomobilin “PZ” seriya hərflərinin “RZ” kimi oxunması üçün həmin seriya hərfinin üzərinə qara rəngli yapışqanlı lent yapışdırıblar.

Dörd nəfər şübhə çəkməmək üçün aralarında belə razılığa gəlir ki, Dilbər bədən və sifətini gizlətmək məqsədilə müsəlman qadınların hicab geyimini əldə edib geyinsin.

Quldurluğa gedərkən Dilbərə hicab alınır və o, bu geyimi geyinir. Dilbər keçmiş icra başçısının mənzilinin qapısını döyərək yalandan Ramazan ayı ilə əlaqədar “Qurban payı” gətirdiyini bildirir.

Qapı açıldıqda isə Firudin İsmayılov və Kamran Abdulov evdəki qadına yumruqla vurublar, onu azyaşlı qızına nəsə edəcəkləri ilə hədələyiblər.

İstintaq materiallarından aydın olur ki, həmin vaxt Vüqar Səfərov evdə yox, Naxçıvanda imiş.

Quldurluq edənlər dəyəri min manat təşkil edən gümüş sırğanı, gümüş üzüyü, gümüş qolbağını və 1 cüt qızıl sırğanı ələ keçirib mənzildən çıxırlar.

Onları avtomobillə həyətdə gözləyən Kənan Müzəffərlinin köməkliyi ilə hadisə yerindən uzaqlaşıblar.

Məhkəmə ifadələrinə əsasən qeyd etmək olar ki, quldurluq edənlər pul məsələsində yanılıblar, belə ki, onlar Vüqar Səfərovun mənzilində 50 000 manat olduğunu düşünsələr də, həmin məbləği tapa bilməyiblər.

Məhkəmənin hökmü ilə qrup üzvləri Cinayət Məcəlləsinin Quldurluq maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək hərəsi doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Bildirək ki, məlum hadisə 2021-ci il aprelin 26-da baş verib.

Qeyd edək ki, Vüqar Səfərov 2001-2018-ci illərdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

BAKU.WS
QALEREYA