İyunun 12-də saat 14-dən başlayaraq 3 saat davam edən güclü leysan və dolu İsmayıllıda ciddi dağıntılara səbəb olub.

Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Çayqovuşan kənd sakini, 2004-cü il təvəllüdlü Sadıqova Sabinə Samir qızı sel gələn su kanalına düşüb və sel onu aparıb. Hadisəni görən kənd sakinləri tezliklə qızı taparaq kanaldan çıxarıblar və İsmayıllı rayon mərkəzi xəstəxanasına çatdırıblar. Reanimasiya şöbəsinə yerləşdirilən Sabinə Sadıqova həkimlərin səyi nəticəsində xilas edilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

Leysan və dolu rayonun elektrik, qaz, yol və digər kommunal təsərrüfatlarına, eləcə də kənd təsərrüfatına ciddi ziyan vurub. Belə ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 8-ci kilometrindən 23-cü kilometrinədək olan hissəsində körpülər, suötürücülər və yol təsərrüfatına aid olan bütün qurğular yararsız vəziyyətə düşüb.

Enişdibi kəndində 35 kilovoltluq elektrik xəttində dayağın aşması nəticəsində 15 kəndə elektrik enerjisinin verilişi, Talış qazpaylayıcı stansiyasından 11 kəndi qazla təchiz edən daşıyıcı kəmərin qırılması nəticəsində isə kəndlərə qaz verilişi kəsilib.

Qarakolluq kəndində 4, Kürdmaşı kəndində 3 körpü və kəndiçi yollar dağılıb. Habelə, sel suları Əhən kəndinə gedən yolu da sıradan çıxıb.

Buynuz, Kəlbənd, Kürdmaşı, Aşıqbayramlı, Quşencə, Balik, Talış, Enişdibi, Hapıtlı, Qarakolluq və Təzəkənd kənlərində fərdi təsərrüfatlara, əkin sahələrinə ciddi zərər dəyib, mal-qara tələfatı da var. Quşencə, Zoğallıq, Kürdmaşı, Topçu və Buynuz kəndlərində həyətlərə və evlərə sel suları dolub.
 
BAKU.WS