VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyev ötən iclasdakı ifadəsini davam etdirib.

O bildirib ki, haqqındakı ittihamlar əsassızdır: "İttihamda heç bir sübut yoxdur. Mən heç kimdən pul almamışam. İttihamda qeyd olunan Tamella xanımı ümumiyyətlə tanımıram. Məntiqlə düşünsək, bir biznesmen 2012-ci ildən 2018-ci ilədək sənəd dalınca sürünürsə, o, necə qazanc əldə edə bilər?!

Yenə deyirəm, sözügedən tikintiyə icazə ilə bağlı mənim qarşıma sənədlər hazır vəziyyətdə, sənədin arxasında lazımı rəylər verilmiş şəkildə gəlib. Mən də imzalamışam. Onun mahiyyətini araşdırmaq vaxtım olmayıb. Sənədlər mənə o vaxtkı Memarlıq və Şəhərsalma Baş İdarəsinin baş memarı Akif Abdullayev tərəfindən təqdim olunub. Hansı ki, bu insan qəbuluna gələn vətəndaşlar haqqında deyirdi ki, "qarpızı verdim, yola saldım".

BŞİH-in başçısının sərəncamı ilə mənə müavinin səlahiyyətləri həvalə olundu. Çünki bu ekstremal vəziyyət idi. Müavin Rauf Pənahov rəhmətə getmişdi. Mən də başçının sərəncamını icra etmək məcburiyyətində idim.

Həmin müddətdə mən yalnız vəfat edən müavinin elektron poçtuna gələn məktubları aidiyyəti üzrə yönləndirmişəm.

Gün ərzində bəzən 5 qovluq sənədə baxmışam. Fiziki olaraq onların hamısını yoxlamaq mümkün deyildi.

Fikir verin, mənim müavin səlahiyyətini icra etmək üçün nə ərizəm olub, nə əmək müqaviləm, nə də müavinin vəzifə maaşını almamışam.

Sözügedən ərazidə katlavan tikintisi 2013-cü ildə başlayıb. Məndən əvvəl orada görülən işlər nəticəsində həmin abidəyə ziyan dəyib. Mənim şahidim orada yaşayan xalq artisti Şeyx Əbdül və digər sakinlərdir.

Mənim sualım var. Necə olur ki, həmin ərazidə eyni statuslu başqa bir abidə sökülüb, yerində tikinti gedib. Həmin işə görə niyə cinayət işi açılmır?!

Üstəlik mənim imzaladığım sərəncam 4 ay sonra icra başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov tərəfindən ləğv edildi.

Mənim sərəncamıma qədər isə orada 4 mərtəbə artıq tikilmişdi. Deməli, həmin sərəncamın da heç bir hüquqi əsası olmayıb".

R.Quliyev şifahi şəkildə vəsatət verib ki, haqqındakı həbs qətimkan tədbiri ləğv edilsin.

Hakim vəsatəti prosessual qaydaya uyğun olmadığı üçün qəbul etməyib.

Daha sonra R.Quliyev dövlət ittihamçısının suallarını cavablandırıb.

Növbəti proses sentyabrın 6-na təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb.

BAKU.WS