Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasında həyata keçirilən bərpa işləri ilə tanış olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub.
BAKU.WS xəbər verir ki, keşiş Don Lodoviko Turrisi və arxitektor Marko Çiriaki Birinci vitse-prezident Mehriban Əliyevaya kilsə və burada görülən işlər barədə məlumat veriblər.
Diqqətə çatdırılıb ki, Müqəddəs Pavel Bazilikası Müqəddəs Pyotr Bazilikasından sonra Vatikanın ikinci ən böyük kilsəsidir və 1980-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bildirilib ki, Müqəddəs Həvari Pavelin dəfn olunduğu yer üzərində inşa edilən bu kilsə Romada yerləşən dörd əsas papal bazilikadan biridir, Roma Katolik Kilsəsinin ən müqəddəs və tarixi məkanlarından sayılır. Bazilikanın daxili hissəsində I Pyotrdan başlayaraq indiyədək bütün papaların mozaika portretləri yerləşdirilib. Vatikanın gur səs-küylü mühitindən uzaqda yerləşdiyi üçün bazilika sakit və ruhani atmosferi ilə seçilir.
Xatırladaq ki, 2024-cü il sentyabrın 11-də 25 ildən bir təşkil olunan və Müqəddəs Taxt-Tac tərəfindən qeyd edilən "Yubiley İli" çərçivəsində Vatikan Şəhər Dövlətinin Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin təhlükəsizliyinin təmin olunmasını və təmirini nəzərdə tutan sənəd imzalanıb. Sənədi Qubernatorluğun sabiq prezidenti kardinal Fernando Vergez Alzaqa və Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov imzalayıblar.
Qalereya
Oxşar xəbərlər
Ermənistanın Gəncəni beşinci dəfə raket hücumuna məruz qoymasının ildönümüdür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından 5 il ötür. 2020-ci ilin...
