SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttində partlayış baş verib.

 
BAKU.WS-in məlumatına görə, Türkiyənin Qars valisi Günay Özdemir partlayışın baş vermə səbəblərinin araşdırıldığını söyləyib. Vali əlavə edib ki, hadisədən sonra boru xətti ilə qaz nəqli dayandırılıb: "Sarıqamış bölgəsindən keçən Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttində səbəbi bəlli olmayan partlayış hadisəsi baş verib. Məsələ ilə əlaqədar araşdırmalar davam edir. Hadisənin təfərrüatları  məlum olandan dərhal sonra lazımi tədbirlər görüləcək”, - deyə Vali Özdemir söyləyib. 

Qaz boru xəttinin meşəlik sahəyə yaxın hissəsində yanğın olmadığı və təhlükənin sovuşduğu bildirilir. Bölgədə yaşayan insanların sözlərinə görə, partlayış boru xəttindən 20 km məsafədəki ətraf kəndlərdə də eşidilib. 

Qeyd edək ki, bu, boru xəttində ilk belə partlayış hadisəsi deyil. Belə ki, 2012-ci il oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Erzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb. Bakı-Tbilisi-Ərzurum Boru Xətti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür.

Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir. 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olub. 
 
Azad Əliyev 
BAKU.WS