SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İstintaq təcridxanasında saxlanılan, paytaxtda adam oğurluğu və digər çoxsaylı ağır cinayətlər törədən mütəşəkkil dəstənin başçısı, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, ömürlük azadlıqdan məhrum edilmiş Hacı Məmmədovun səhhətində problem yaranıb.

Bu barədə Trend-ə H.Məmmədovun vəkili Afət Qazıyeva məlumat verib.

Vəkil bildirib ki, təcridxanada saxlanılan H.Məmmədov səhhətində yaranan problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. O, hazırda müəssisədə həkim nəzarətində saxlanılır: "Səhhətində problemlər yarandığından onu müalicə müəssisəsinə köçürüblər. Hazırda Hacı Məmmədov oradadır".

Xatırladaq ki, H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib.

2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.
 
BAKU.WS