SİZİN REKLAM BURADA!
055 213 76 73


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 13:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən, yağmursuz keçib.

Xidmətdən BAKU.WS-ə verilən xəbərə görə, cənub-şərq küləyi əsir.

Havanın temperaturu aran rayonlarında 23-27, dağlıq rayonlarda 17-19 dərəcə isti olub.

Respublikanın bəzi çaylarında sululuq artıb. Bərgüşadçayda 28 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində 10 sm, Kür - Zərdabda 8 sm, Kür - Surrada 3 sm, Gəncəçay - Alaxançallıda 3 sm, Qabırrı - Kəsəmən, Əyriçay - Ağyazı, Katexçay - Qəbizdərə və Bəsitçay - Rəzdərədə 1 sm artım olub.

***09:33

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, iyunun 2-si saat 09:00-a olan məlumata əsasən iyunun 1-də gün ərzində yağan yağış gecəyə doğru tədricən kəsilib.

Hazırda ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuzdur. Cənub-şərq küləyi əsir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Aran rayonlarında 24-26 dərəcə isti qeydə alınıb.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 2-də günün birinci yarısında ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçsə də, lakin günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir.

“Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz, Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur”.

G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək.

BAKU.WS