Hökümətin rüsumunu kəskin azaltdığı yağın qiyməti niyə ucuzlaşmır? - ƏSL SƏBƏB BİLİNDİ
06
fev
2018
15:31
Dekabrın 8-dən Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılsa da qiymətlərdə ucuzlaşma müşahidə olunmur.BAKU.WS-in əməkdaşının bazar və supermarketlərdə apardığı müşahidələr də onu göstərir ki, kərə yağının qiymətində ucuzlaşma baş verməyib və əvvəlki kimi 17 – 19 manata satılır.Halbuki, dekabrın əvvəllərində qüvvəyə minən qərara əsasən kərə yağının gömrük idxal rüsumları 15%-dən 5%-ə endirilib. Nəticə etibarilə qiymətlərdə kəskin ucuzlaşma baş verməliydi.İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında hökumət tərəfindən ciddi tədbir görülsə də kərə yağının niyə ucuzlaşmadığının səbəblərindən danışıb.Onun sözlərinə görə, gömrük rüsumlarının 3 dəfə azaldılması əlavə dəyər vergisinin məbləğinə də təsir edib və ƏDV məbləğ etibarı ilə azalıb.“Rüsumun 3 dəfə və ya 10 faiz bənd azaldılması idxal edilən məhsulların xərcinin azalmasına və nəticədə daxili bazarda qiymətlərə təsir göstərə bilər. Belə ki, 100 min dollarlıq kərə yağı idxal edən sahibkar əvvəllər 15 faiz rüsum və 18 faiz ƏDV ödəyirdi. Nəticədə rüsum tətbiq ediləndən sonra malın xərci rüsumdan sonra 115 min dollara və ƏDV tətbiq edilən sonra isə 135.7 min dollaradək yüksəlirdi. Rüsum 5 faizədək azaldıldığı üçün bu halda idxal edilən kərə yağının rüsumlu xərci 105 min dollar, ƏDV tətbiq ediləndən sonra isə 123.9 min dollara olacaq. Bu isə o deməkdir ki, son güzəşt hər 100 min dollarlıq idxal kərə yağında 11.8 min dollar fərq yaradacaq. Kərə yağının dünya bazarında qiymətinin son dövrlər ciddi dəyişmədiyini nəzərə alsaq bu halda Yeni Zenlandiyadan idxal edilən növündən asılı olaraq kərə yağının hər kiloqramında orta hesabla 2 manat qiymət azalmasına gətirib çıxarmalıydı.Rüsum və ƏDV vergisinin azaldılması sahibkarın daha az xərclə məhsulu bazara çıxarması deməkdir. Rüsumların azaldılmasından vətəndaş deyil, sahibkar qazandı. Halbuki rüsumun azaldılmasında məqsəd budur ki, qazanan istehlakçı olsun”, - deyə Vüqar Bayramov bildirdi.
İqtisadçı-ekspert bunun qarşısını almaq üçün aidiyyatı dövlət qurumları tərəfindən monitorinqlər keçirilməlisinin zəruri olduğunu bildirdi.“Rüsum azaldıqdan sonra qiymətlərin hansı istiqamətdə dəyişdiyi müşahidə edilməlidir. Nə üçün qiymətlərdə azalma baş vermədi? Monitorinqlər keçirilməli və bunun səbəbləri araşdırılmalıdır. Təbii ki, bu, bazar iqtisadiyyatının qanunları çərçivəsində həyata keçirilməlidir.Kərə yağının istehsalı ilə məşğul olan şirkətlərin sayını artırılmasına da ehtiyac var. Nəticədə rəqabət yaranacaq və bu isə qiymətlərin aşağı salınmasını stimullaşdıracaq.Ən əsası yerli istehsal dəstəklənməlidir. Bazara daha çox yerli istehsal olan məhsul çıxarılsa, idxal azalacaq, bu fonda da qiymət azalması ilə bağlı tətbiq edilən qaydalar işləyəcək”, - deyə Vüqar Bayramov qeyd etdi.BAKU.WS
Oxşar xəbərlər
Kərə yağı ucuzlaşdı (FOTO)
Dövlət başçısının göstərişindən sonra Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə...