Dollarla bağlı proqnoz: rəsmi məzənnə 1,75 AZN/USD olacaq
Azərbaycanda ABŞ dollarının məzənnəsinin artması prosesi orta müddətdə davam edəcək.
"Report"un analitik qrupu hesab edir ki, dolların bahalaşmasının bir neçə səbəbi var. Bunlardan birincisi Azərbaycanın idxal mallarına olan tələbatının yüksək olması ilə bağlıdır. Belə ki, hazırkı iqtisadi şəraitdə Azərbaycanın ildə 5 mlrd. dollardan çox dəyərdə idxal mallarına ehtiyac duyur. Neft gəlirlərinin yüksək olduğu illərdə idxalın real həcmi hətta 10 mlrd. dolları üstələyirdi, baş verən devalvasiyalar isə idxalın həcmini əhəmiyyətli şəkildə azaldıb. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) həftədə 100 mln. dollarlıq valyuta kütləsini hərracda satışa çıxarması illik valyuta satışının 5,2 mlrd. dollar həcmində olması deməkdir. Bu qədər valyuta birbaşa idxal tələbatının qarşılanmasına xərclənir.
Valyuta tələbinə təsir edən digər amil bankların və bir sıra böyük şirkətlərin xarici kredit borcları ilə əlaqəlidir. Qeyd edək ki, Azərbaycandakı kommersiya banklarının xarici borcları iyunun 1-nə 6,7 mlrd. manat və ya 4,2 mlrd. ABŞ dolları təşkil edir. Bu borcun əksər hissəsi qısamüddətli olduğundan, kommersiya banklarının xarici valyutaya tələbinin orta müddətdə davam etməsi gözlənilir.
Dollara tələbi artıran daha bir amil isə ümumiyyətlə əhalinin son aylarda məzənnənin artması səbəbindən dollara yaranan təbii tələbidir. Bununla yanaşı, lisenziyası ləğv edilən banklardakı əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən əsasən yerli valyutada geri ödənilir və bu vəsaitlərin əksər hissəsinin xarici valyutaya (əsasən dollara) çevrilməsi valyutaya tələbatı artıracaq.
Bundan başqa, dünya bazarında neft qiymətləri aşağı düşməyə başlayıb. Neft qiymətlərinin bundan əvvəlki kəskin azalmalarda devalvasiya ilə nəticələnməsi bu valyutaya tələbi hər zaman ən azından sabit saxlayacaq.
"Report"un analitik qrupu hesab edir ki, dolların məzənnəsi ilin sonuna qədər artım tendensiyasını qoruyacaq və rəsmi məzənnə 1,75 AZN/USD səviyyəsinə qədər yüksələcək. Nağd valyuta bazarında isə dolların 1,80 AZN/USD-yə qədər artması ehtimal edilir. Dolların məzənnəsinin sabitləşməsi ancaq ARDNF-nin valyuta hərracına 300-500 mln. dollar vəsait çıxarması ilə mümkün ola bilər. Lakin bu, müvəqqəti sabitliyin yaranmasına səbəb olacaq. Neft qiymətlərinin kəskin artımı baş verməsə, dolların ucuzlaşması mümkün görünmür.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın valyuta bazarında gərginlik yaranıb
Azərbaycanın nağd və nağdsız valyuta bazarında bu gün səhər saatlarından gərginlik yaranıb. Son iki həftədə dolların rəsmi məzənnəsinin yüksəlməsi ilə bu valyut...