BP-nin vitse-prezidenti: "Şahdəniz"də əlavə altı quyunun istismara verilməsini planlaşdırırıq"

BP-nin vitse-prezidenti: Şahdənizdə əlavə altı quyunun istismara verilməsini planlaşdırırıq
İqtisadiyyat 64

Hazırda "Şahdəniz" qaz-kondensat yatağındakı qurğular gündə təxminən 77 milyon standart kubmetr qaz hasilatı və emalı gücünə malikdir.

BAKU.WS xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Stüart Şou Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "Şahdəniz" yatağı təhlükəsiz və səmərəli şəkildə qaz hasilatını davam etdirir: "O, Azərbaycanın Avropa və regional enerji bazarları qarşısındakı öhdəliklərinin əsas sütunlarından biri olaraq qalır. Bu il "Şahdəniz" üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 30 ili tamam olur. Otuz ildən sonra hamımız bu nəhəng yatağın uğuru ilə qürur duya bilərik. "Şahdəniz" həmçinin BP-nin portfelində ən böyük qaz yatağı olaraq qalır".

S. Şou bildirib ki, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsindən sonra SGC operatorları 1 yanvar 2026-cı il tarixindən etibarən Avropaya gündəlik ixrac həcmlərini artıraraq ildə təxminən 12 milyard kubmetrə çatdırıb: "Bu ötürücülük gücü hazırda qüvvədədir və istifadə edilir".

O əlavə edib ki, hazırda "Şahdəniz" sualtı hasilat sisteminin genişləndirilməsi də davam etdirilir: "Beş sualtı cinahın hamısı artıq istirmardadır. Biz növbəti illərdə əlavə altı quyunun istismara verilməsini planlaşdırırıq. Bütün bunlar Azərbaycanın qaz təchizatı imkanlarını gücləndirir və region və Avropa bazarları üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə dəstək verir".

Son xəbərlər