Bakıda evlər kəskin ucuzlaşdı - 3 otaqlı mənzil 200 mindən 130 minə düşdü (QİYMƏTLƏR)

Bakıda evlər kəskin ucuzlaşdı - 3 otaqlı mənzil 200 mindən 130 minə düşdü (QİYMƏTLƏR)
İqtisadiyyat 2283

 

Bakının mərkəzi hissələrində evlər kəskin ucuzlaşıb. Söhbət şəhərin mərkəzi hissələrində yerləşən köhnə beşmərtəbələrdəki mənzillərdən gedir.

Bu barədə fins.az-a əmlak elanları saytının rəhbəri, ekspert V. Hüseynov deyib. Onun sözlərinə görə, 28 May küçəsi, Rəşid Behbudov küçəsindən Türkiyə səfirliyinə qədər olan, Xəqani küçəsi və digər mərkəzi ərazilərdə mənzillər son bir ayda 30%-dən çox ucuzlaşıb.

3 otaqlı ev dolu əşya ilə 200 mindən 130 minə düşüb

Evlərin ucuzlaşmasını əmlak elanları vasitəsilə də müşahidə etmək mümkündür. Məsələn, R. Behbudov küçəsində 75 kv.m-lik 3 otaqlı ev əşyalarla birlikdə əvvəl 180-200 min manata təklif edilirdisə, indi saytda 120-130 min manata yerləşdirilib. Başqa sözlə, bu evlər 60-70 min manat ucuzlaşıb.

Eyni mənzərə Xəqani küçəsindəki köhnə beşmərtəbə mənzillərə də aiddir. Məsələn, əvvəl 58-60 kv.m-lik tam təmirli əşyalarla birlikdə 2 otaqlı mənzil 220 min manata satılırdısa, bir qədər təəccüblü olsa da 130 min manata təklif edilir. V.Hüseynov bildirib ki, mebel və digər daşınar əmlakları və nəzərə alsaq, evin qiyməti faktiki olaraq 70-80 min manat deməkdir. Başqa sözlə, şəhərin mərkəzində evin kv.m-i 2 min manata düşür. Bu isə çox aşağı qiymətdir.

5 ayda qiymətlər 4 dəfə dəyişib

Ekspert bildirib ki, Bakının kənar hissələrindən fərqli olaraq mərkəzi ərazilərdə, xüsusilə də köhnə yaşayış binalarında evlərin qiymətləri dəyişkəndir. Belə ki, şəhər ətrafı ərazilərdə MTK-lar mənzillərin qiymətlərini tənzimləyir. Ona görə də bu ərazilərdə qiymətlər stabil qalıb. Şəhərin mərkəzi hissələrində isə geniş tikinti olmadığı üçün mənzil bazarında qiymətlər tez-tez dəyişir: "İlin əvvəlindən indiyə qədər bu ərazilərdə qiymətlər 4 dəfə dəyişib. Qiymətləri tənzimləyəcək amil yox səviyyəsindədir”.

"Evləri satıb pulu dollara çevirirlər”

Bu ərazilərdə evlərin yenidən ucuzlaşmasının səbəbinə gəlincə, V.Hüseynov bildirib ki, yay aylarında Azərbaycanda bütün bazarlar üzrə durğunluq müşahidə edilir. Bu amil evlərin də qiymətinə təsir edir. Digər tərəfdən, dolların yenidən bahalaşması ilə bağlı gözləntilər insanları yenidən bu valyutaya yatırım etməyə marağını artırıb. O qeyd edib ki, sadalanan ərazilərdə ucuzlaşan evlərin çoxu eyni adamlara məxsusdur. Yəni, manatın ucuzlaşması şəraitində əldə pul saxlamaq istəməyən vətəndaşlar onu daşınmaz əmlaka yatırmışdılar. İndi isə onu satıb dollara çevirməklə daha çox gəlir əldə etməyə çalışırlar.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər