Azərbaycanda dizelin qiymətinin artacağı gözlənilir
16
apr
2018
15:39
SOCAR dizel yanacağına olan daxili tələbatın artması ilə bağlı yaydığı məlumatdan sonra Azərbaycan sürücülərinin ən çox istifadə etdiyi yanacaq növünün qiymətinin arta biləcəyi barədə fikirlər səslənməyə başlayıb. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban BAKU.WS-ə açıqlamasında Azərbaycanda dizelə daxili bazarda tələbatın artmasının obyektiv səbəblərdən qaynaqlandığını bildirib. Belə ki, əvvəllər ölkədəki avtomobillərin işlətdiyi ən populyar yanacaq növü Ai-92 ilə dizel arasında qiymət fərqi 15-20 fərq olurdusa, ötən ilin yayında benzinin qiymət artımından sonra bu fərq 30 qəpiyədək yüksəldi. Nəticədə fərdi avtomobil sahibləri arasında dizelə maraq artmağa başladı və həmin dövrdən Azərbaycana gətirilən işlənmiş avtomobillər içərisində dizelin xüsusi çəkisi artdı. Beləliklə, İlham Şabanın qənaətinə görə, dizelin qiyməti artacaq. “2019-cu ilin sonlarına H.Əliyev adına NEZavodunun modernizasiyasının ilkin mərhələsi yekunlaşmalı və yeni dizel qurğusu işə düşməlidor. Bu qurğudan istehsal edilən dizel Avro-5 keyfiyyətində olacaq. Təbii ki, onun qiyməti hazırkı dizellə eyni səviyyədə çətin ki, olsun. Çünki SOCAR böyük kapital qoyuluşu edib və onun geri qaytarılması yanacağın satışı hesabına həyata keçirilməlidir. Bu məntiqlə qiymət artımı olmalıdır.” İqtisadçı yeni dizel avtomobillərə marağın o qədər də böyük olmamasının səbəbini həmin avtomobillərin benzin analoqlarından daha baha olması ilə bağlayır. Məsələ ilə bağlı Tarif (qiymət) Şurasına müraciət etdik. Qurumun mətbuat katibi Abbas Əliyevin sorğumuza cavabı belə oldu. “Bu məsələ ilə bağlı heç bir müraciət olunmayıb. Müzakirə mövzusu deyil.” Qeyd edək ki, SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında 413 min ton təşkil edib, əvvəlki ilin analoji göstəricisinə nisbətən cüzi dəyişib. "Bu da əsasən dizel yanacağına ölkə daxili tələbatın təxminən 21% artması ilə bağlıdır. Daxili bazarda tələbatın artması ilə əlaqədar dizel yanacağının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 6,4% yüksəlib. Ötən ildə dizel ixracının bu ilə nisbətən daha yüksək olması, həm də 2016-cı ildən anbarlarda qalan dizel məhsulunun bir qisminin məhz 2017-ci ildə ixrac edilməsi ilə bağlıdır", - deyə məlumatda vurğulanıb. BAKU.WS
Oxşar xəbərlər
SOCAR dizelə görə hərəkətə keçdi - tələb artdı
"Cari ilin I rübündə xam neftin ixracında da artım müşahidə olunub".SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, neft və neft-kimya məhsullarının ixracı ya...