Azərbaycan manatı üçün şad xəbər
Məlum olduğu kimi, ABŞ-ın Federal Ehtiyat Bankı son iclasında da uçot dərəcələrinin artırılmamasına qərar verdi və bununla da Azərbaycan manatı da daxil olmaqla, əksər neft ölkələri müvəqqəti də olsa azad nəfəs almış oldu. Lakin görünür, FED, ümumiyyətlə, bu il faizləri artırmaq fikrində deyil.
Çünki ötən gün Nyu-York ştatının Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli Federal Ehtiyatlar Sistemini bu ilin sonunadək uçot dərəcəsini artırmamağa çağırıb. U. Dadli bu addımın çox ciddi fəsadlarının olacağına işarə edib: "FED uçot dərəcəsinin artırılmasına olduqca ehtiyatlı yanaşmalıdır. Hələlik pul-kredit siyasətinin tam sərtləşdirilməsindən imtina etmək olduqca tezdir. Lakin bu addımın neqativ təsirləri müsbət təsirlərdən çox olacaq".
BAKU.WS aktual.az-a istinadən bildirir ki, U. Dadli uçot dərəcəsinin artırılmasına mane olan bir sıra amillərin olduğunu bildirib: "Söhbət həmçinin xarici bazarlarda baş verənlərdən gedir ki, bunun ABŞ iqtisadiyyatına da təsiri var".
Qeyd edək ki, U. Dadli toplantılarda səsvermə hüququna malikdir, FED rəhbəri Canet Yellənlə çox yaxın münasibətlərdədir və tənzimləyici tərəfindən verilən qərarlara təsir edə biləcək şəxslərdəndir.
Onun bu cür çıxış etməsi ekspertlər tərəfindən bu il FED-in uçot dərəcələrini artırmaq istəməməsi kimi qiymətləndirilir. Çünki dolların dünya valyuta bazarında həddindən artıq möhkəmlənməsi ABŞ-ın ixrac potensialının azalmasına səbəb olacaq ki, bu da hegemon ölkənin iqtisadiyyatına zərər vura bilər. FED adətən qərar qəbul edərkən, Birləşmiş Ştatların iqtisadi göstəricilərini və dünya bazarındakı vəziyyəti nəzərə alır.
Bəs görəsən, FED rəhbərinin bu çağırışı hansı zərurətdən doğur? Bu il uçot dərəcələri artırılmazsa, bu, manata olan təzyiqləri azalda bilərmi?
"Yeni Müsavat"a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, FED rəhbərinin ilin sonuna qədər uçot dərəcələrini artırmamaqla bağlı bu çağırışı dünya bazarında dolların kəskin möhkəmlənməsinə ehtiyatlanması ilə bağlıdır: "ABŞ-ın makroiqtisadi göstəricilərinin proqnozlaşdırılan həddə olmadığını nəzərə alsaq, bunun da Federal Rezerv Bankının qərarlarına təsir göstərəcəyi şübhəsizdir. FED ABŞ-ın iqtisadi durumunu nəzərə alaraq qərar qəbul edir. Bu baxımdan, uçot dərəcələrinin artırılmaması birbaşa ABŞ-da mövcud iqtisadi vəziyyətdən doğur".
V. Bayramovun sözlərinə görə, indiki halda dolların möhkəmlənməsi heç də ABŞ üçün arzuolunan deyil: "Uçot dərəcələrinin artırılması ilə bağlı qərar qəbul edilsəydi, bu, nəticə etibarilə dolların möhkəmlənməsinə gətirib çıxara bilərdi. Bu da Birləşmiş Ştatların ixrac qabiliyyətinin aşağı düşməsinə, işsizlik probleminin və idxaldan asılılığın artmasına səbəb ola bilərdi. FED də məhz bu aspektdən dolların uçot dərəcəsinin dəyişdirilməməsinin tərəfdarıdır. Qlobal bazarda dolların kəskin bahalaşması gözlənilmir. Məzənnədə müəyyən azalmaların olacağı güman edilir. Qlobal maliyyə bazarında dollar avroya nisbətən məzənnə itirə bilər. Lakin dolların kəskin ucuzlaşması heç bir halda gündəmdə deyil".
Ekspert onu da qeyd etdi ki, Azərbaycan üçün FED tərəfindən uçot dərəcəsinin artırılması arzuolunan deyil: "Çünki uçot dərəcələri artırılsa, bu, manata təzyiqləri artıracaqdı. Təkcə Azərbaycanda deyil, bütün neft ölkələrində dolların möhkəmlənməsi fonunda milli valyutalara təzyiq artacaqdı. Bu baxımdan, neftin dünya bazarındakı qiymətində ucuzlaşma müşahidə oluna bilərdi. FED-in qərarı Azərbaycanın milli valyutasına və neftin qiymətinə təzyiqləri artırır.
Hazırda ölkəmizdə dollara tələb yüksək olaraq qalır. Bu da Azərbaycanın valyuta bazarında dollar məzənnəsinin möhkəmlənməsinin davam edəcəyini proqnozlaşdırmağa əsas verir. Amma bütün hallarda FED-in uçot dərəcəsini artırmaması manata daha güclü təzyiqi azaldır, neftin qiymətində baş verəcək azalmaların qarşısını almış olur. Yəni bu qərar manata müsbət təsir edə bilər, lakin bütün hallarda dollara olan tələbatı azaltmayacaq".
BAKU.WS
Oxşar xəbərlər
ABŞ-ın qərarı manatı ucuzlaşdıracaq
İqtisadçı ekspert Natiq Cəfərli ABŞ-ın Federal Rezerv Sisteminin uçot dərəcəsini dəyişməməsi ilə bağlı qərarına münasibət bildirib. "Qafqazinfo” xəbər verir ki...