Azərbaycan iri müəssisələri hərraca çıxarır

Azərbaycan iri müəssisələri hərraca çıxarır
İqtisadiyyat 1204

 

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və səmərəliliyinin artırılması sahəsində mühüm yeniliklərə başlanıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, komitənin qərarı ilə çoxsaylı dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb.

Komitə tərəfindən 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlər, 2-si qeyri yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir. Özəlləşdirməyə çıxarılan müəssisələr nəqliyyat, xidmət, kənd təsərrüfatı, o cümlədən qida istehsalı, inşaat və ticarət sahəsində fəaliyyət göstərirlər.

Hərraclar barədə məlumat ƏMDK-nin rəsmi orqanı olan "Mülkiyyət" qəzetində və Komitənin yenicə istifadəyə verilmiş Özəlləşdirmə Portalında yerləşdirilib.

İnvestorlar özəlləşdirməyə çıxarılan müəssisələr barədə geniş məlumatla Özəlləşdirmə Portalında (http://privatization.az/index.php/az/sas-s-hif/mue-ssis-l-r#) tanış ola bilərlər.

Bununla belə Komitə tərəfindən yerli və xarici investorların cəlb edilməsi üçün 6 səhmdar cəmiyyətinin əvvəlki istehsal imkanları, hazırkı vəziyyəti və gələcək perspektivliyini özündə əks etdirən profilləri hazırlanmış və qeyd olunan Özəlləşdirmə Portalında yerləşdirilmişdir.

Qarşıdakı dövrdə çoxlu sayda dövlət müəssisə və obyektlərin mərhələli çəkildə özəlləşdirməyə çıxarılması planlaşdırılır.

Eyni zamanda ƏMDK tərəfindən "Daşkəsən Filizsaflaşdırma” ASC-nın özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün nüfuzlu məsləhətçinin cəlb edilməsi ilə bağlı açıq tender elan edilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözügedən fərmanına və dövlət başçısının bu sahədəki digər tapşırıqlarına uyğun olaraq bu dəfə ki özəlləşdirmə prosesində mühüm yeniliklər tətbiq edilir. Belə ki, özəlləşdirməyə çıxarılan dövlət əmlakları inventar qiyməti ilə deyil, bazar dəyərlərinə uyğun qiymətlərlə hərraclara çıxarılıb.

Bundan başqa, dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatlandırmanın təmin edilməsi, geniş alıcı kütləsinin cəlb edilməsi istiqamətində tədbirlər görülür. Hərraca çıxarılan dövlət əmlakları barədə indi daha geniş və təfərrüatlı məlumat təqdim olunur. Belə ki, investorlar Özəlləşdirmə Portalına daxil olaraq özəlləşən müəssisə və əmlakların yeri ilə bağlı (Google Maps-dan çıxarış olaraq) xəritə məlumatları ilə tanış ola bilərlər.

Xəritə məlumatları ilə yanaşı, portalda müəssisələrin, əmlakların və nəqliyyat vasitələrinin mövcud vəziyyətini əks etdirən fotoşəkillər də əksini tapıb. Bütün bunlar investorlar və özəlləşdirmədə iştirak etmək niyyəti olan potensial iştirakçıların satılan əmlaklar barədə daha geniş məlumata malik olmasına imkan verəcək.

Azərbaycandakı özəlləşdirmə prosesinə yerli və xarici investorların cəlb edilməsi məqsədilə portaldakı bütün məlumatlar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunacaq.

Eləcə də, investorlar üçün onlayn məlumatlandırma sistemi fəaliyyət göstərir. Bu sistemin vasitəsi ilə özəlləşdirmə prosesi ilə bağlı istənilən sualla Komitəyə müraciət edib qısa zamanda ətraflı məlumat almaq mümkündür.

İnvestorlar onları maraqlandıran sualları ƏMDK-nin Facebook sosial şəbəkəsindəki səhifəsinə də ünvanlaya bilərlər. Həmçinin iddiaçılara yerlərdə baxış üçündə şərait yaradılacaqdır.

BAKU.WS

Son xəbərlər