Azərbaycan gələcəyin enerjisini Avropaya daşıyır
Son illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında yaşıl enerji sahəsində əməkdaşlıqla bağlı ciddi müzakirələr aparılır. Ölkəmizin yaşıl enerjiyə yatırımları, potensial ixrac hədəfləri bu sahədə uğurlu əməkdaşlıq modelinin yaradıla biləcəyinə dair inamı artırır.
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Avropa son yüz ilin ən isti yayını yaşayır. Köhnə qitə bu səbəbdən çox ciddi problemlərlə üzləşib. Ən çox narahatlıq yaradan məqamlardan biri isə elektrik enerjisi istehsalı sahəsində yaşanan çətinliklər, artan tələbatın qarşılana bilməməsidir. Macarıstanda enerji böhranı fonunda mağazalar və müəssisələr işıqlı lövhələri kütləvi şəkildə söndürməyə, kondisionerlərdən istifadəni məhdudlaşdırmağa və elektrik enerjisinə qənaət etmək üçün digər tədbirlər görməyə başlayıblar. Budapeşt böhran fonunda qonşu ölkələrdən elektrik enerjisi tədarük etməyə çalışır. Lakin digər ölkələrdə də vəziyyət ürəkaçan deyil.
Belə bir durumda alternativ enerji mənbələrinin əhəmiyyəti, idxal coğrafiyasının genişləndirilməsi ciddi şəkildə müzakirə olunmaqdadır. Neft və qaz ixracı sahəsində etibarlı tərəfdaş statusu qazanan, bu sahədə artıq özünü yetərincə təsdiqləmiş Azərbaycanın adı yenidən gündəmə gətirilir. Bu dəfə isə ənənəvi yox, alternativ enerji ixracatçısı kimi. Qeyd edək ki, son illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıqla bağlı ciddi müzakirələr aparılır. Ölkəmizin yaşıl enerjiyə yatırımları, potensial ixrac hədəfləri bu sahədə uğurlu əməkdaşlıq modelinin yaradıla biləcəyinə dair inamı artırır.
"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"
Məlum istiqamətdə ilkin ciddi addımlar da atılıb. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan 2022-ci il dekabrın 17-də Buxarestdə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalayıblar. Tərəflərin iyul ayında Bakıda təşkil olunmuş son toplantısında "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının artıq uğurla tamamlandığı, planlaşdırma mərhələsindən inkişaf və icra mərhələsinə keçildiyi rəsmən təsdiqlənib. Bu layihə iştirakçı ölkələrin ortaq siyasi iradəsinin, strateji tərəfdaşlığının və qarşılıqlı etimadının bariz nümunəsi kimi dəyərləndirilir. Xatırladaq ki, bu layihəyə Avropa İttifaqı da güclü dəstək nümayiş etdirir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin mövqeyi bu təşəbbüsün Avropanın enerji təhlükəsizliyi və yaşıl enerji keçidi baxımından strateji əhəmiyyətinin yüksək siyasi səviyyədə qəbul edildiyini göstərir.
"Azərbaycan gələcəyin enerjisinə sərmayə yatırır"
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen "Azərbaycan gələcəyin enerjisinə sərmayə yatırır" deməklə təmsil etdiyi qurumun mövqeyini ortaya qoymuşdu. "Xəzər dənizində külək enerjisini istehsal etmək kimi planlarınız var. Sizin təmiz elektrik enerjisi qovşağına çevrilmək üçün həm planınız, həm potensialınız var. Bu da Avropa İttifaqının özünün təmiz enerjiyə keçid prosesi ilə tamamilə uzlaşır. Beləliklə biz bərpaolunan enerji mənbələri, elektrik enerjisinin qarşılıqlı nəqli və regional enerji şəbəkələri kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün nəhəng potensialı görürük. Azərbaycanı Avropa İttifaqı ilə birləşdirən "Yaşıl Enerji Dəhlizi"ni qurmaq üçün planlarınızı alqışlayırıq", - deyə o bildirib.
Azərbaycan ali rəhbərliyinin uzaqgörən siyasəti, gələcəyin strateji hədəfləri tək ölkəmizlə məhdudlaşmır, daha geniş coğrafiyanı əhatələmək məqsədi daşıyır. Burada Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ortaq maraqlardan çıxış edərək yaşıl enerji sahəsində əməkdaşlıq niyyətləri xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevintəşəbbüsünə əsasən hələ 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçılarının iştirakı ilə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Sənəd Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan "təmiz" elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini nəzərdə tutur. Sazişdə Xəzər dənizində qiymətləndirilən 500 QVt-dan çox külək enerjisinin Azərbaycan üzərindən Avropaya nəqli planlaşdırılır.
Ölkəmizin potensialına və bu istiqamətdə atılan addımlara gəldikdə isə, statistik rəqəmlər Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yaşıl enerji hədəflərinin tamamilə real olduğunu göstərir. Belə ki, yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. İqtisadi potensial 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bərpaolunan enerji mənbələri üzrə ölkəmizdə ümumi gücü 2070 MVt olan elektrik stansiyaları fəaliyyət göstərir. 2027-ci ilədək ümumi gücü 2 qiqavatdan çox olan yaşıl enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur. BƏƏ-nin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power" kimi dünyanın öndə gələn şirkətləri ilə birgə əməkdaşlıq bu sahədə mühüm nəticələrin əldə olunmasına imkan verir. Bu istiqamətdə işğaldan azad edilmiş ərazilərin də potensialından geniş istifadə olunur. Prezidentin müvafiq sərəncamına uyğun olaraq həmin ərazilərdə yaşıl enerji zonaları yaradılır.
Ölkəmizin potensialını dünyaya ixrac üçün nəzərdə tutulan beynəlxalq layihələr də çoxşaxəliliyi ilə seçilir. Yuxarıda qeyd edilənlərdən əlavə, "Azərbaycan-Türkiyə-Avropa", "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" Yaşıl Enerji Dəhlizləri də xüsusi vurğulanmalıdır.
Beləliklə, Prezident İlham Əliyevin sözügedən sahədə müəyyənləşdirdiyi hədəflər və həyata keçirilən siyasət ölkəmizin beynəlxalq mövqelərini gücləndirməklə yanaşı, Avropanın da indiki çətinliklərin öhdəsindən gəlmək hədəflərinə mühüm töhfələr verəcək.
Oxşar xəbərlər
Azərbaycanda bank sistemindən kənar pul köçürmələrinin həcmi artıb
Azərbaycanda bank sistemindənkənar pul köçürmələrinin həcmi artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə bildirilir. Cari...