ABŞ-dan dolların bahalaşmasına cavab: ölkə iqtisadiyyatına təhlükədir

ABŞ-dan dolların bahalaşmasına cavab: ölkə iqtisadiyyatına təhlükədir
İqtisadiyyat 2499

 

ABŞ-ın Federal Ehtiyat Bankının (Federal Reserve System, FED) rəhbərliyi baza uçot dərəcəsinin tədricən artırılmasını proqnozlaşdırır, lakin hesab edir ki, inflyasiyanın sürətlənməsi pul-kredit siyasətinin sərtləşdirilməsi tempini də sürətləndirə bilər. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə FED-in 13-14 dekabr tarixlərində baş tutan iclasının protokolunda deyilir.

Protokola əsasən, yuxarıda qeyd edilən fikirlə FED-in az qala bütün rəhbər şəxsləri razıdır.

ÜDM-in və istehlak qiymətlərinin artmasının əsas səbəbi kimi infrastruktur layihələrinə investisiyaların artırılması və vergi yükünün azaldılması ilə bağlı planların olmasıdır. Qeyd edək ki, bu təklif ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən səsləndirilib və "Ağ ev"in gələcək rəhbəri təklifin reallaşdırılmasında israrlıdır. D. Trampın inauqurasiyası yanvarın 20-də olduğu üçün hələlik təklifin detalları açıqlanmır.

Protokolun mətninə əsasən, FED-in son iclasının iştirakçılarının bir çoxu işsizliyin səviyyəsi ilə bağlı proqnozlarında tərəddüd edir. Düzdür, iştirakçıların çoxu hesab edir ki, "işsizliyin səviyyəsi azalmaqda davam edəcək", lakin bu azalma uzunmüddətli perspektiv üçün norma hesab olunandan cüzi aşağı olacaq.

Qeyd edək ki, noyabr ayında ABŞ-da işsizliyin səviyyəsi gözlənilmədən 4,6%-dək enib. Bu isə 2007-ci ilin may ayından etibarən ən aşağı göstəricidir.

FED-in rəhbər şəxsləri son iclasda qeyd edib ki, möhkəmlənən dollar ABŞ iqtisadiyyatının əsas təhlükələrindən biridir. D. Tramp prezident seçilən gündən FED-in dekabr iclasınadək dolların indeksi 5,2%, sonradan isə 1,1% möhkəmlənib. Dolların bahalaşması ABŞ-da istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinə mənfi təsir edir. Bununla yanaşı, idxalın ucuzlaşması inflyasiyaya təzyiq göstərir.

Noyabrda ABŞ-da baza inflyasiya 1,6% olub. FED-in proqnozuna əsasən, bu göstərici 2017-ci ildə 2%-dək artacaq.

Xatırladaq ki, dekabr iclasında FED baza uçot dərəcəsini 0,25% artıraraq 0,5-0,75%-ə çatdırıb. İclasdan sonra FED-in açıqladığı bəyanatda deyilir ki, 2017-ci ildə uçot dərəcəsi 3 dəfə artırıla bilər.

FED-in növbəti iclası 31 yanvar - 1 fevral tarixlərində baş tutacaq. Bu iclasda uçot dərəcəsinin artırılması ehtimalı 12%-dir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər