2019-2022-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məcmu kapital qoyuluşları 14 mln. manat məbləğində proqnozlaşdırılır.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin SOCAR-ın reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.

Agentliyin proqnozuna görə, bu illərdə birgə müəssisələrə investisiyaların məbləği 800 mln. manat proqnozlaşdırılır.

Hesabatda qeyd edilib ki, 2019-cu ilin 30 iyun tarixinə qısamüddətli və uzunmüddətli borcun cari səviyyəsi olan 4,2 mlrd. manat qarşısında SOCAR-ın likvidliyi 7,6 mlrd. manat təşkil edib.

“Likvidliyə 6 mlrd. manat məbləğində nağd pul kütləsi, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası üçün 1,5 mlrd. manat məbləğində istifadə olunmayan kredit xətti daxildir. Qısamüdətli borc öhdəliyinin əsas hissəsi ABŞ dollarındadır”,- Agentliyin hesabatında qeyd edilib.

Bildirilib ki, SOCAR-ın Türkiyədəki nəhəng investisiyası olan STAR neft emalı zavodu 2018-ci ildə istismara verilib. Zavod 2019-cu ilin ortasında tam gücü ilə işə düşüb. 6,3 mlrd. dollar məbləğində olan layihənin 3,3 mlrd. dolları layihə maliyyələşdirilməsi hesabına maliyyələşdirilib:

“SOCAR-ın balans hesabatında konsolidasiya olunmayan bu layihənin əlavə böyük məbləğ tələb etməyəcəyinə və bəzi dividendlər ödəməyə başlamazdan əvvəl əməliyyat pul vəsaitləri borcunu prioritet olaraq ödəyəcəyinə inanırıq. 2022-ci ilə qədər dividend ödənişinin başlayacağını gözləmirik”, - agentliyin hesabatında qeyd edilib.

BAKU.WS