Azərbaycanda çox yüksək məşğulluq səviyyəsinə nail olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə işsizlik 4,4 faizdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmət orqanları vasitəsilə təkcə bu il 81 min şəxs münasib işlə təmin olunub.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Yaradıcı sənayelər, dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" mövzusunda nazirlər panelinin müzakirəsində deyib.

"9900 nəfər özünü məşğulluq proqramlarına cəlb edilib. Ümumilikdə 11 ay ərzində 90 min insana, işsiz və iş axtarana iş imkanları yaradılıb. Lakin qarşımızda çox ciddi bir çağırış durur. Azərbaycan əhalisi artır. Hər il təqribən 100 min insan əmək bazarına daxil olur. Onlar üçün yeni imkanlar yaratmalıyıq, bu imkanların ən böyük seqmenti də yaradıcı sənayedir",-deyə nazir əlavə edib.

Təhsil naziri Ceyhun Bayramov isə qeyd edib ki, yaradıcı sahələr üzrə təhsil müəssislərini bitirən məzunların 70 faizi qısa zamanda əmək bazarına daxil olur. O, əlavə edib ki, 2019-cu ilin fevral ayında Azərbaycan ali təhsil sistemində həm bakalavriyat, həm də magistratura səviyyəsi üzrə, o cümlədən UNESCO tərəfindən qəbul edilmiş təsnifata uyğun şəkildə ixtisaslar təsdiq edilib.

BAKU.WS
VİDEO