SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun 2020-ci ilin II yarısında tam olaraq yeni gücdə və konfiqurasiyada istismara verilməsi planlaşdırılır.

BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə "Azərikimya" İstehsalat Birliyinin baş direktorunun sərmayə və inkişaf üzrə müavini Orxan Cəfərov bildirib.

O qeyd edib ki, bu günə layihələndirmə işlərinin 99,9%-i, satınalma işlərinin 98,1%-i, tikinti işlərinin isə 61%-i tamamlanıb:

“Yeni quru qazın təmizlənməsi qurğusu, PSA qurğusu, C3 fraksiyasının təmizlənməsi qurğusu, yeni məhsul anbarı və EP-300 qurğusu üzrə tikinti-quraşdırma işlərinin tam olaraq yekunlaşdırılması, yeni qurğular üçün nəzərdə tutulmuş yeni avtomatika sisteminin və yeni mərkəzi idarəetmə binasının tam olaraq istismara verilməsi, sınaq-sazlama işlərinin tamamlanması planlaşdırılır. Görüləcək işlər sırasına bu ilin oktyabr ayında zavodun planlaşdırılmış dayanması zamanı boru xətlərinə əlavə birləşmə nöqtələrinin icra olunması, mövcud işçi qüvvəsinə təlimlərin keçirilməsi, istismar ilə bağlı lazımi icazə və razılıqların alınması da daxildir".

Qeyd edək ki, “Azərikimya” İB-nin perspektiv inkişaf planına uyğun olaraq, 2016-cı ildən genişmiqyaslı yenidənqurma və modernizasiya layihəsi həyata keçirilir. Layihə çərçivəsində “EP-300” qurğusunun illik propilen istehsalı üzrə gücünün mövcud 60 min tondan 187 min tona-dək artırılması nəzərdə tutulur.

Layihənin əsas məqsədləri Sumqayıtda inşa olunmuş yeni “SOCAR-Polymer” zavodlarının daimi olaraq yüksək keyfiyyətli və tələb olunan həcmdə etilen, propilen, saf hidrogen, yeni məhsul və digər enerjidaşıyıcılar ilə təmin edilməsi, Heydər Əliyev adına NEZ-dən təchiz olunacaq yenilənmiş qaz xammalının iqtisadi baxımından daha effektiv emalının yaradılması, mövcud EP-300 qurğusunun istismar dövrünün minimum növbəti 20 ilə kimi uzadılması, mövcud qurğuların istehsal prosesinin etibarlılığı və səmərəliliyinin artırılmasıdır.

Layihə üzrə aktiv tikinti işləri 2017-ci ildə başlanılıb və bu işlərin tam olaraq yekunlaşdırılması 2020-ci ilin II rübünə planlaşdırılıb.
Layihə çərçivəsində aparılan tikinti və montaj işlərinin pikində hər il Sumqayıt şəhərindən və ətraf regionlardan 1800-2000 nəfər yerli işçilər işə cəlb olunur.

Layihənin ümumi tələb olunan sərmayə həcmi 508 mln. avro təşkil edir.
BAKU.WS