VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiya Azərbaycanın qeyri-neft məhsulları üzrə əsas alıcısıdır.

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Rusiya-Azərbaycan Əməkdaşlıq Forumunda bildirib.

Onun sözlərinə görə, bu gün bir neçə sənəd imzalanıb. Azərbaycan Rusiya ilə kimya, neft-qaz, əczaçılıq, maşınqayırma sənayesi üzrə əməkdaşlıq edir.

O bildirib ki, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, İKT, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 700-ə yaxın Rusiya kapitallı müəssisə fəaliyyət göstərir:

“Bu günə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 4,4 milyard dollar investisiya yatırıb. Azərbaycana Rusiyanın yatırdığı investisiyaların həcmi 1,2 milyard dollardan çoxdur. 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə, 20 faizə qədər artaraq, 2,55 milyard dollar təşkil edib.


Artım tendensiyası bu il də davam edib. Bu ilin iki ayında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə, 4 faiz artaraq, 340 milyon dollar olub”.

Forum çərçivəsində Sumqayıt Texnologiyalar Parkı ilə “Rostselmaş” kombayn zavodu arasında əməkdaşlıq və münasibətlərin təşkilinə, “AzOkso” ilə Service Invest arasında əməkdaşlığa dair saziş imzalanacaq.

Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov qeyd edib ki, iki ölkə arasında isti və möhkəm iqtisadi əlaqələr mövcuddur. Sənaye, ticarət sektorunda imkanlar daha genişdir və bu məqsədlə Rusiyadan Azərbaycana böyük bir nümayəndə heyəti gəlib. Sahibkarlar arasında birbaşa görüşlər olacaq.

Azərbaycan-Rusiya Əməkdaşlıq Təşkilatının rəhbəri Səməd Qurbanovun sözlərinə görə, ölkələrimiz arasında neft-maşınqayırması, kənd təsərrüfatı və digər sektorlar üzrə ciddi əməkdaşlıq əlaqələri var.

“Birgə müəssisələrin yaradılması və məhsulların üçüncü ölkələrə ixrac edilməsi əsas hədəflərdən biridir”, - deyə S.Qurbanov vurğulayıb.

Sonra qarşılıqlı əməkdaşlıqla bağlı bir neçə müqavilə imzalanıb.

Mənbə: Oxu.az