Bakının mağaza və supermarketlərində ərzağın qiyməti durmadan artır.


BAKU.WS
-in məlumatına görə, paytaxtda əsas topdansatış məhsulların qiyməti bahalaşdığı üçün əksər dükan və mağazalarda da artım müşahidə olunur. 

Müşahidələrimiz zamanı gördük ki, əksər topdansatış məntəqələrində siqaret, uşaq bezi, çay və digər gündəlik tələbat mallarının satışı ya dayandırılıb, ya da az miqdarda satılır. Ərzağın qiyməti isə durmadan bahalaşır. Çox təəssüf ki, əvvəlki bahalaşmada qiyməti dəyişməyən çörək, un və başqa məhsulların da qiymətində artım müşahidə olunur. 

 

 

Topdansatışla məşğul olan sahibkarlar BAKU.WS-ə bildiriblər ki, xaricdən gətirilən məhsullarla yanaşı, yerli malların qiymətində də xeyli artım olub. Onlar bunu yerli firmaların məhsulu istehsal edərkən sərf olunan xərclərin dollarla hesablanması ilə əlaqələndiriblər.

 

 

Bildirilir ki, firmalar məhsul istehsal etmək üçün lazım olan kağız, boya, karton, sellofan və s. xaricdən gətirilir. İstehsalat üçün lazım olan avadanlıqlar da xaricdən gətirilir. Buna görə də, yerli firmalar qiymətləri bahalaşdırmağa məcburdir.


Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyindən istehlak bazarında süni qiymət artımının olmadığı bildirib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bununla əlaqədar nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın.  

 

 

"Dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın. Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq", - deyə Ş. Mustafayev bildirib.

Ziya Babayev
BAKU.WS