SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Son dövrlər əhali ilə banklar arasında yaranmış narazılıq belə institutun aktuallığını daha da artırır. Bəzən əks arqument gətirilir ki, maliyyə ombudsmanının yaradılması problemi həll etməyəcək. Nümunə kimi insan haqları üzrə ombudsman institutunun səmərəsiz fəaliyyəti göstərilir. İrad haqlı, narahatçılıq isə baha düşüləndir".
 
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev bildirib. Mütəxəssisin fikrincə, bu gün əsas problem hüquqları pozulan insanların müraciət edə biləcəkləri ünvanın olmamasıdır. Müştərilər bilmir kimə üz tutsun: "Banklara müraciət edirlər, əlbəttə banklar maraqlı tərəf olduğundan obyektiv qərar çıxarmayacaqlar. Məhkəmə vasitəsilə problemi həll etmək isə əlavə vəsait tələb etməklə yanaşı çox uzun və üzücü prosesdir. Hələ nəzərə alaq ki, maliyyə savadı olmayan müştəri bank hüquqşünası qarşısında haqlı olduğunu sübut edə biləcəkmi?

İkincisi, müvafiq institutlar olmadan biz zəruri mexanizmləri qura bilmərik və nəticədə olmayacaq. Əvvəl institutları qurub sonra onların işləməsinə səy göstərməliyik. Razılaşın ki, ən pis işləyən belə institutun olması onun olmamasından yaxşıdır. Ən azı cəmiyyətin müqaviməti qarşısında hansısa addımlar atılır. Üçüncüsü, insan haqları üzrə ombudsman institutundan fərqli olaraq maliyyə ombudsmanı proseslərə siyasi qiymət vermir. Bu isə Azərbaycan reallığında əsas meyardır".

S.Əliyevin sözlərinə görə, maliyyə ombudsmanının yaradılması heç də bankların əleyhinə yönəldilmiş bir aksiya deyil. Hətta banklar bu məsələ maraqlı olmalıdır: "Çünki məsələnin məhkəməyə qədər uzanmasında bəlkə də müştəridən çox banklar maraqlı deyil. Əlavə xərclər, vaxt itkisi və əlavə işçinin prosesə qoşulması banklar üçün əlverişli deyil. Ona görə banklar problemin tez həllində maraqlı olurlar. Təsadüfi deyil ki, Rusiyada ombudsmanı institutu məhz Banklar Assosiasiyası tərəfindən yaradılıb. Maliyyə ombudsmanı institutunun yaradılması banklara da problemi qısa müddətdə həll etmək şansı verəcək".
 
İqtisadçı hesab edir ki, proses institutun yaradılması ilə yekunlaşmamalıdır. "İstehlak kreditləri haqqında” qanun qəbul edilməlidir. 
 
ŞAHİN Həbibov
BAKU.WS