40 milyardlıq Azərbaycan büdcəsi ən çox nəyə xərclənəcək?
2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı hesabatda qeyd olunub.
Məlumata görə, bunlar 2024-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,6 % çox və 0,2 % azdır. Son nəticədə dövlət büdcəsində 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.
Açıqlanan rəqəmləri nəzərə alsaq Azərbaycan büdcəsiinin əsas xərc istiqamətləri hansılar olacaq? İqtisadçı-ekspert Eldəniz Əmirov BAKU.WS-ə açıqlamasında bildirdi ki, Maliyyə Nazirliyi tərəfindən 2025-ci ildə dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair hesabat təqdim olunub. Bu hesabatda xırda detallar açıqlanmayıb:
"Amma ümumilikdə 2025-ci ilin xərc istiqamətləri burada vurğulanıb. Xərc istiqamətlərində əsasən işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində görüləcək işlər strateji prioritet istiqamət olaraq seçilib. Eyni zamanda Azərbaycan 2030 Sosial iqtisadi inkişaf və daimilik prioritetinin icrası burada əsas istiqamətdir və bu istiqamətdə müəyyən işlərin görülməsi reallaşacaq.
Digər bir məsələ isə sosial iqtisadi inkişaf strategiyasıdır. Məhz bu strategiyaya uyğun olaraq 2025-ci ilin dövlət büdcəsindən 6,5 milyard manat məbləğində vəsait ayrılıb. Bu da əsasən, əmək haqları, pensiya təminatı və digər sosial ödənişlərin artırılmasına xidmət edəcəyi gözlənilir.
Başqa xərc istiqamətləri üzrə isə səhiyyə, o cümlədən də icbari tibbi sığortanın maliyyə təminatını göstərmək olar. Təhsil xərcləri, o cümlədən də dövlət sifarişi ilə ali təhsil alanların təqaüd sayının artırılması, tələbə kreditlərinin maliyyələşdirilməsi, ərzaq təhlükəsizliyi və sair istiqamətləri qeyd etmək yerinə düşər".
Orxan Hüseyn
Oxşar xəbərlər
İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək
2025-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri Naxçıvan Muxtar Respublikasındakı eyni adlı...