VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 


"Ölkə üzrə əmək pensiyaçılarının sayı bu ilin əvvəlinə 1 milyon 290 min 882 nəfər olub. İlkin məlumatlara görə, bu ilin 1 oktyabr tarixinə 1 292 591 nəfər təşkil edib və ilin əvvəli ilə müqayisədə 1709 nəfər və ya 0,1 faiz artıb. Pensiyaçıların 778 850 nəfərini və ya 60,2 %-ni yaşa görə, 371 941 nəfərini və ya 28,8 %-ni əlilliyə görə, 141 800 nəfərini və ya 11 %-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir. 2015-ci ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 175,8 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 200 manata yaxındır. Bu isə ölkə üzrə orta aylıq əmək haqqının təxminən 43 faizini təşkil edir.”
 
BAKU.WS-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyev bildirib.

O qeyd edib ki, görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondu pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətləri elektronlaşdırıb: "Həmin  xidmətlər  vətəndaşlara  hesabatları elektron formada təqdim etmək, pensiya  kalkulyatoru vasitəsilə  pensiyasının məbləği  barədə məlumat  almaq, pensiya və müavinətləri avtomatlaşdırılmış qaydada təyin etmək baxımından çox əhəmiyyətlidir. Onlar həmçinin bu xidmətlər vasitəsilə məcburi dövlət sosial sığorta haqlarını  onlayn ödəmək, sığortaolunanların elektron qaydada uçota alınması, fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı  barədə məlumatları əldə etmək imkanına malikdir".

Şöbə müdirinin sözlərinə görə, əhaliyə göstərilən elektron xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə Fondun yerli orqanlarında yardım masaları yaradılıb, müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar keçirilib. Göstərilənlərin nəticəsi olaraq Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlər "Elektron hökumət” portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub.

E.Məmmədəliyev həmçinin diqqətə çatdırıb ki, bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də "Elektron hökumət” portalı (www.e-gov.az), vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə iki milyona yaxın vətəndaş yararlanıb ki, bu da ümumi vətəndaş müraciətlərinin  azalmasında və şəffaflığın daha da artmasında öz rolunu oynayıb.
 
ŞAHİN Həbibov