Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti BMT-nin Təhlükəsizlik Şurasının "Əl-Qaidə” Sanksiya Komitəsinin 02 oktyabr 2015-ci il tarixində qəbul edilmiş qərarına uyğun olaraq Ümumi Siyahını yeniləyib.
 
BAKU.WS-in Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə istinadla verdiyi məlumata görə, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.
 
Siyahıya Maghomed Maghomedzakirovich Abdurakhmanov, İslam Seit-Umarovich Atabiev, Akhmed Rajapovich Chataev, Tarkhan İsmailovich Gaziev, Zaurbek Salimovich Guchaev, Shamil Magomedovich İsmailovun adları əlavə edilib. 

Ümumi Siyahının son versiyası Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.
 
ŞAHİN Həbibov
BAKU.WS