SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda 2022-ci ildə KOB-lar üzrə dövriyyə 19 %, daxilolmalar 61 % artıb, 4 600-dən çox KOB subyektinin meyarı böyüyüb.

BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilir ki, KOB subyektlərinin sayı 2018-2021-ci illər ərzində 45 % artaraq 360 minə yaxın olub. Bu dövr ərzində KOB–ların qeyri-neft ÜDM-də payı 23,5 %-dən 26,6 %-ə yüksəlib.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyən edilib.

"Ölkəmizdə sahibkarlar, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunublar.

KOBİA kiçik və orta biznes sektorunun tənzimlənməsi, biznesə dövlət xidmətlərinin göstərilməsinin yaxşılaşdırılması, KOB maraqlarının müdafiəsi, onların bilik və innovasiyalara, bazarlara və maliyyəyə çıxışının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir, KOB-lara bir sıra dəstək və xidmətlər təqdim edir. İndiyədək KOBİA-nın KOB inkişaf mərkəzləri tərəfindən KOB-ların biznes biliklərinin artırılması üçün ödənişsiz olaraq təqribən 40 minə qədər KOB subyektinin faydalandığı 3 000-dən çox təlim keçirilib, 5 500-dək sahibkarın yararlandığı məsləhət xidməti göstərilib, 800-ə yaxın KOB subyekti üçün ödənişsiz biznes plan hazırlanıb.

Biznesə başlamaq və mövcud fəaliyyətin genişləndirilməsində önəmi nəzərə alınaraq sahibkarların müraciəti əsasında 21, Agentliyin təşəbbüsü ilə isə 26 daxili bazar araşdırması aparılıb", - məlumatda deyilir.

Qeyd olunur ki, KOB-ların rəqəmsallaşması və innovativ ideyalarının dəstəklənməsi üçün KOBİA tərəfindən 100-ə yaxın “Startap” şəhadətnaməsi verilib ki, bu sənəd onları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatadək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.

BAKU.WS